Azedu.az

Ən yüksək bal toplayanlar bu məktəblərdə oxuyub - Gəncə-Daşkəsən üzrə SİYAHI

Gəncə-Daşkəsən

7 İyul 2026, 13:08
Ən yüksək bal toplayanlar bu məktəblərdə oxuyub - Gəncə-Daşkəsən üzrə SİYAHI

Gəncə-Daşkəsən regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Gəncə şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 3612 şagird bitirib, onların 3606 nəfəri buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 329 nəfəri 500-dən, o cümlədən 105 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey daxil edilib. Şəhərin ən yaxşı məktəbləri sırasında isə 4 və 11 nömrəli tam orta məktəblər qeyd olunub.

Goranboy rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1080 şagird bitirib, onların 1076 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 79 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 3 nömrəli şəhər və N.Aslanov adına Tapqaraqoyunlu kənd tam orta məktəbləri daxil edilib. Rayonun ən yaxşı məktəbi sırasında isə T.Sadıqov adına Faxralı kənd tam orta məktəbi göstərilib.

Göygöl rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 754 şagird bitirib, onların 753 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 41 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Texniki və təbiət fənləri təmayüllü lisey daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə 3 nömrəli şəhər və Üçtəpə kənd tam orta məktəbləri yer alıb.

Daşkəsən rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 168 şagird bitirib, onların 167 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 8 nəfəri 500-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbi sırasında 2 nömrəli şəhər tam orta məktəbi qeyd olunub. Respublika üzrə yaxşı məktəblər siyahısında isə rayonun heç bir təhsil müəssisəsi yer almayıb.

Naftalan şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 111 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il qəbul imtahanlarında 3 məktəbin məzunları iştirak etsə də, respublika üzrə yaxşı məktəblər və ya şəhərin ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd olunmayıb.

Samux rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 587 şagird bitirib, onların 583 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 36 nəfəri 500-dən, o cümlədən 11 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında S.Əliyev adına Samux şəhər 2 nömrəli tam orta məktəbi qeyd olunub. Respublika üzrə yaxşı məktəblər siyahısında isə rayonun heç bir təhsil müəssisəsi yer almayıb.

Beləliklə, Gəncə-Daşkəsən regionu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Gəncə şəhəri (329 nəfər) ilk sırada qərarlaşıb. Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Gəncə, Goranboy və Göygölün təhsil müəssisələri yer alıb. Bununla yanaşı, Daşkəsən və Samuxda da yüksək nəticə göstərən məktəblər fərqləndirilib. Naftalan şəhərində isə bu il respublika üzrə yaxşı məktəblər və şəhərin ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd edilməyib.

Moskvada RAKET HÜCUMU xəbərdarlığı edildi - Sığınacaqlara girin!
Son xəbərlərDaha çox