Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında yeni tədris ilinə hazırlıqla bağlı görüş keçirilib.
Bu barədə AzEdu.az-a idarədən məlumat verilib.
Qeyd olunub ki, görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Rövşən Kərimov, təhsil sektorlarının müdirləri və idarənin əməkdaşları iştirak ediblər.
Görüş zamanı yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər və qarşıda duran əsas vəzifələr geniş müzakirə olunub. Belə ki, ümumi və məktəbəqədər təhsil müəssisələrində komplektləşmə, təmir-tikinti işlərinin cari vəziyyəti, təminat və təchizat məsələləri, dərsliklərin paylanması, sentyabr konfranslarının təşkili və keçirilməs və digər məsələlərlə bağlı müzakirələr həyata keçirilib.
Bununla yanaşı, keyfiyyət və fəaliyyət planlarının icra vəziyyəti, yeni təmayüllü tədris modelinin tətbiqi, icma qruplarının fəaliyyəti, rəqəmsal təhsil istiqamətində görülən işlər, STEAM layihələrinin icrası, peşə təmayüllü siniflərin təşkili, inklüziv və xüsusi təhsilin təşkili və mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıq vəziyyəti, tədrisə yardımçı və texniki işçilərin işə qəbulu, mövcud çatışmazlıqların aradan qaldırılması və qarşıda duran digər məsələlər müzakirə olunub.
İdarə müdiri Elçin Kərimov çıxışında yeni tədris ilinə hazırlıq prosesinin bütün istiqamətlər üzrə vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, təhsil müəssisələrinin hazırlıq vəziyyətinin diqqətdə saxlanılması, müəyyən edilmiş məsələlərin operativ şəkildə həll olunması, tədris prosesinin səmərəli təşkili və təhsilalanlar üçün əlverişli təhsil mühitinin təmin edilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Görüşdə müzakirə olunan digər məsələlərlə bağlı aidiyyəti əməkdaşların iştirakı ilə fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələrin icrası istiqamətində müvafiq tədbirlərin davam etdirilməsi qeyd olunub.
Qeyd edək ki, yeni tədris ilinin başlanması ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində hazırlıq işləri müvafiq istiqamətlər üzrə davam etdirilir.