Azedu.az

Dövlət sifarişli magistratura qəbulunda zirvəni bu 3 ali məktəb TUTDU

Magistratura

19 İyun 2026, 15:53
Dövlət sifarişli magistratura qəbulunda zirvəni bu 3 ali məktəb TUTDU

2025-ci il üzrə ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında tələbə qəbulu göstəriciləri açıqlanıb. Təhlillər göstərir ki, dövlət hesabına təhsil almaq imkanı təqdim edilən yerlər üzrə ən yüksək qəbulolma faizi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (83,66 faiz), Azərbaycan Dövlət İqtisad Universiteti (81,49 faiz) və Azərbaycan Tibb Universitetində (77,10 faiz) qeydə alınıb.

AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Belə ki, Dövlət İdarəçilik Akademiyasına dövlət sifarişi ilə 153 bakalavr qəbul etmək imkanı ayrılıb. Bu yerlərin 29-u yalnız akademiyanın ixtisaslaşmaları üzrə, 124-ü isə digər ali təhsil müəssisələri ilə birgə müsabiqə üçün nəzərdə tutulub. Birgə müsabiqə nəticəsində qalib gələn 124 nəfərdən 99-u məhz bu ali təhsil müəssisəsini seçib. Beləliklə, Akademiya birgə müsabiqə yerləri üzrə də 79,84 faizlə ən yüksək göstəriciyə sahib olub.

Azərbaycan Dövlət İqtisad Universitetinə dövlət hesabına təhsil almaq üçün 913 yer ayrılıb. Onlardan 131-i universitetin inhisarında olan, 782-si isə digər ali təhsil müəssisələri ilə birgə müsabiqəyə çıxarılan yerlər olub. Müsabiqənin qalibi olan 782 nəfərdən 613-ü təhsilini ADİU-da davam etdirməyə üstünlük verib.

Azərbaycan Tibb Universitetində isə dövlət sifarişi üzrə 133 yer ayrılıb. Bu yerlərin 57-si universitetin öz ixtisaslaşmaları, 74-ü isə birgə müsabiqə üçün nəzərdə tutulub. Birgə müsabiqədə qalib gələn 74 nəfərdən 44-ü məhz ATU-nu seçib.

Hesabatda dövlət ali təhsil müəssisələri arasında ən zəif nəticələrin Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universitetində qeydə alındığı vurğulanıb. Bu ali məktəblərdə digər universitetlərlə rəqabət şəraitində ayrılmış dövlət sifarişli yerlər üzrə qəbulolma faizi 20 faizdən aşağı olub. Naxçıvan Müəllimlər İnstitutuna isə dövlət sifarişi əsasında ümumiyyətlə qəbul həyata keçirilməyib.

Özəl ali təhsil müəssisələri də dövlət sifarişi ilə tələbə qəbulunda iştirak edib. Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası dövlət hesabına tələbə qəbul etmək hüququ əldə edib.

Ümumilikdə özəl ali təhsil müəssisələri dövlət hesabına 1341 tələbə qəbul etmək imkanına malik olsa da, müsabiqə nəticəsində yalnız 150 bakalavr bu universitetləri seçib. Onların 66 nəfəri (44 faiz) Xəzər Universitetini, 27 nəfəri (18 faiz) Qərbi Kaspi Universitetini, 24 nəfəri (16 faiz) isə Odlar Yurdu Universitetini seçib.

Məlumata görə, Bakı Qızlar Universiteti və Bakı Avrasiya Universiteti dövlət hesabına təhsil almaq hüququ qazanan bakalavrların heç biri tərəfindən seçilməyib. Hesabatda qeyd olunur ki, bu nəticə həmin ali təhsil müəssisələrinin yüksək bal toplayan abituriyentlər arasında nüfuzunun aşağı olduğunu göstərir.

Qeyd edək ki, fəaliyyəti dayandırıldığı üçün cari ildə “Naxçıvan” Universitetinə bakalavr qəbulu aparılmayıb.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox