2025-ci il üzrə magistratura səviyyəsinə qəbul imtahanının nəticələri açıqlanıb. Nəticələrə əsasən, imtahanda toplanıla bilən maksimal bal 100 olsa da, bu göstəricini heç bir bakalavr əldə edə bilməyib. Ən yüksək nəticə 97,5 bal olub.
AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Məlumata görə, iştirakçıların yarısı 47,46 baldan yuxarı nəticə göstərib. Fənlər üzrə orta göstəricilər isə belə olub: məntiq üzrə 52,59%, informatika üzrə 44,84%, ingilis dili üzrə 42,14%, fransız dili üzrə 35,51%, alman dili üzrə 49,13% və rus dili üzrə 47,05%.
Nəticələrə əsasən, 142 bakalavr qəbul imtahanında ən azı 85 bal toplayaraq yüksək nəticə göstərib. Onların böyük hissəsi ölkənin aparıcı ali təhsil müəssisələrinə qəbul olunub.
Ən çox yüksək bal toplayan tələbə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub – 43 nəfər. Bakı Ali Neft Məktəbinə 23, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 21, Bakı Dövlət Universitetinə isə 17 yüksək nəticəli bakalavr yerləşdirilib.
Digər ali məktəblər üzrə göstəricilər belə olub: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına 7 nəfər, Azərbaycan Texniki Universitetinə 3, Azərbaycan Tibb Universitetinə 3, Azərbaycan Dillər Universitetinə 2 nəfər qəbul olunub. Həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinə hər birinə 1 nəfər yüksək bal toplayan bakalavr qəbul edilib.