Təhsilverənlər bağlı qanunvericilikdə dəyişiklik edildi.
Belə ki, müəllimlərin geyimi ilə bağlı vahid standartların tətbiqi nəzərdə tutulur. Bu günə qədər müəllimlər üçün vahid geyim tələbi mövcud deyildi.
Lakin nəzərə alsaq ki, müəllimlər vahid geyim olmasa da hər zaman səliqəli və intizamlı geyimlərə üstünlük veriblər.
İllərdir ki, həm sosial şəbəkələrdə, təhsil ictimaiəti müəllimlərin vahid geyimə keçməli olduğunu deyib müzakirə mövzusu yaradırdı.
Bu halda sual yaranır ki, həqiqətəndə müəllimlər peşə etikasına zidd olacaq geyimlərdə dərsə gəliblər ki, belə bir qərarın verilməsi zəruri oldu?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "Əməkdar müəllim" Sona Əliyeva qeyd edib ki, biz çox vaxt təhsilin əsas problemlərini kənara qoyub, daha asan görünən zahiri məsələlərə yönəlirik:
“Doğrusu, bu mövzu ilə bağlı məlumatı sosial şəbəkədə oxuduğum zaman ağlıma gələn ilk sual bu oldu ki, doğrudanmı Azərbaycan məktəbinin bu gün ən ciddi problemi müəllimin geyimidir?
Çünki Azərbaycan müəllimlərinin böyük əksəriyyəti indiyədək də məktəbə səliqəli, sadə və pedaqoji mühitə uyğun geyimdə gəlib. Ona görə də bu qərarı elə təqdim etmək olmaz ki, sanki müəllimlər illərlə peşə etikasına zidd formada dərsə giriblər və indi buna görə qanunvericilik müdaxiləsi zəruri olub. Bu yanaşma müəllim adına qarşı ədalətsizlik olar.
Doğrudur, məktəb adi iş yeri deyil. Müəllim isə hər hansı bir idarə işçisi deyil. O, uşaqların qarşısına çıxan pedaqoqdur. Onun geyimi diqqəti dərsdən yayındırmamalı, məktəb mühitinə uyğun olmalı, səliqəli, təmiz və nümunəvi görünməlidir.
Bu baxımdan ümumi çərçivənin müəyyənləşdirilməsi normaldır. Amma problem ondadır ki, biz çox vaxt təhsilin əsas problemlərini kənara qoyub, daha asan görünən zahiri məsələlərə yönəlirik. Məktəbdə dərsin keyfiyyəti, müəllimin sosial vəziyyəti, sinifdə davranış problemləri, valideyn təzyiqi, məktəb idarəçiliyi, müəllimin peşəkar inkişafı kimi ciddi məsələlər bir tərəfdə qalır, ictimai müzakirə isə müəllimin nə geyinəcəyinə fokuslanır. Halbuki təhsilin keyfiyyətini müəllimin pencəyinin rəngi yox, onun dərsə hazırlığı, pedaqoji bacarığı və məktəbdə qurulan sağlam mühit müəyyən edir.
Üstəlik, geyim standartı məktəb rəhbərlərinin əlində əlavə təzyq vasitəsinə çevrilə bilər və bu zaman subyektiv nəzarətin bir hissəsi kimi istifadə oluna bilər”.
Vahid forma və ya xüsusi geyim tələbi olacaqsa, bunun xərci müəllimin üzərinə atılmamalıdır:
“Digər tərəfdən, müəllimlərin maddi vəziyyəti də nəzərə alınmalıdır. Əgər vahid forma və ya xüsusi geyim tələbi olacaqsa, bunun xərci müəllimin üzərinə atılmamalıdır. Onsuz da müəllim bu gün həm dərs yükü, həm sənədləşmə, həm valideyn gözləntiləri, həm də sosial təzyiq altında işləyir. İndi ona əlavə maddi yük yaratmaq doğru yanaşma deyil.
Müəllim nüfuzu geyimlə başlamır və geyimlə bitmir. Müəllimin nüfuzu onun biliyi, davranışı, uşağa yanaşması, cəmiyyətin ona verdiyi dəyər və dövlətin yaratdığı iş şəraiti ilə formalaşır. Əgər müəllimə həm cəmiyyət, həm də dövlət tərəfindən lazımi dəyər verilmirsə, onu vahid geyimə salmaqla nüfuz yaratmaq mümkün deyil.
Ona görə də geyim standartı tətbiq ediləcəksə, bu, məktəb mədəniyyətini gücləndirməyə xidmət etməlidir. Bu qərar təhsilin mahiyyətinə xidmət etməli, sadəcə yaxşı görüntü yaratmaq cəhdi olmamalıdır. Çünki Azərbaycan məktəbinin bu gün geyimdən daha böyük problemləri var. Geyim qaydası ola bilər, amma bu qayda təhsildə keyfiyyət problemini, müəllim nüfuzu problemini və məktəb idarəçiliyi problemini əvəz edə bilməz.
Əsl islahat müəllimin geyimində yox, müəllimin statusunda, hazırlığında və işlədiyi mühitdə başlamalıdır.
Əgər geyim standartı tətbiq olunacaqsa, bu standart aydın, ölçülü, diskriminasiyadan uzaq, müəllimin rahatlığını və pedaqoji fəaliyyətini nəzərə alan formada hazırlanmalıdır. Yaş, sağlamlıq vəziyyəti, region, hava şəraiti, dini və mədəni həssaslıqlar, eləcə də maddi imkanlar mütləq nəzərə alınmalıdır.
Ən əsası isə müəllim bu prosesin obyektinə yox, iştirakçısına çevrilməlidir. Qayda müəllimlə məsləhətləşmədən hazırlanarsa, o, məktəb mədəniyyəti deyil, yuxarıdan verilən növbəti inzibati tələb kimi qəbul ediləcək.
Düşünürəm ki, artıq qərar verilib və bu qayda tətbiq olunacaq. Amma istərdim ki, bu standart müəllimin ləyaqətini, peşə azadlığını və sosial reallıqlarını da nəzərə alsın”.