Azedu.az

II ixtisas qrupu üzrə ölkə BİRİNCİSİ: “Telefondan və sosial şəbəkələrdən istifadə edirdim”

İmtahanlar və qəbul məsələləri

Dövlət İmtahan Mərkəzi

17 İyun 2026, 21:03
II ixtisas qrupu üzrə ölkə BİRİNCİSİ: “Telefondan və sosial şəbəkələrdən istifadə edirdim”

Qəbul imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbinin məzunu Rüstəmli Banuçiçək Bəxtiyar qızı göstərib.

O, imtahanın birinci mərhələsində 291.9 bal toplayıb. Hər iki mərhələnin cəminə əsasən 688.9 bal toplayan Rüstəmli Banuçiçək II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent olub.

AzEdu.az bu münasibətlə Banuçiçəklə həmsöhbət olub.

Nəticələri əvvəlcədən gözlədiyini deyən abituriyent topladığı balın onun üçün sürpriz olmadığını bildirib:

“Əvvəlcədən hesablamışdım. Situasiya tipli suallarda ola biləcək hansısa bal itkisini nəzərə alırdım, amma ümumilikdə bu nəticənin gələcəyinə əmin idim. Nəticələri ilk dəfə hazırlıq yoldaşlarımla birlikdə gördüm. Çox sevindim ki, gözlədiyim bal gəldi”.

B. Rüstəmli qəbul imtahanında sualların gözlədiyindən daha rahat olduğunu vurğulayıb:

“Tarix fənnini daha çətin gözləyirdim, amma çox rahat idi. Hətta 30 sualı 15 dəqiqəyə bitirmişdim. Yalnız riyaziyyat üzrə bir sual üzərində bir qədər düşündüm. Ümumilikdə imtahan DİM-in əvvəlki illərdə təqdim etdiyi modelə uyğun idi. Hətta gözlədiyimdən daha asan keçdi, çünki mən daha çətin imtahana hazırlaşmışdım”.

Gələcək planlarından danışan məzun ADA Universitetində maliyyə ixtisası üzrə təhsil almaq istədiyini bildirib.

Abituriyent hazırlıq prosesində həm məktəb, həm də repetitor müəllimlərinin dəstəyinin böyük rol oynadığını qeyd edib:

“Hazırlıq keçdiyim bütün müəllimlərə minnətdaram. Riyaziyyat müəllimim eyni zamanda məktəbdə sinif rəhbərim olub. Riyaziyyat üzrə bazam məktəbdə formalaşdığı üçün həm buraxılış, həm də blok imtahanında yüksək nəticə əldə edə bildim”.

Buraxılış imtahanında 291,9 bal topladığını deyən B. Rüstəmli yüksək nəticənin əsas sirrinin davamlı çalışmaq olduğunu vurğulayıb:

“Yüksək nəticə əldə etmək üçün ilk növbədə çalışqan olmaq lazımdır. Müəllimlərin güclü olması vacibdir, amma nəticə həm də şagirdin öz üzərində işləməsindən asılıdır. Hər fənnin öz yanaşması var. Riyaziyyatda daha çox test işləmək, tarixdə isə diqqətlə oxumaq lazımdır. İstədiyim universitetin keçid balının yüksək olduğunu bildiyim üçün daha çox çalışırdım”.

Digər abituriyentlərə tövsiyə verən məzun sosial şəbəkələrdən istifadənin düzgün tənzimlənməsinin vacibliyini qeyd edib:

“Telefon və sosial şəbəkələrdən tam uzaq qalmaq mümkün deyil. Amma onlardan səmərəli istifadə etmək lazımdır. Mən gündəlik istifadəyə limit qoyurdum. Məqsədini düzgün müəyyənləşdirən və ona doğru əzmlə çalışan hər kəs uğur qazana bilər”.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox