Azedu.az

Abituriyentlər balını artıra biləcək? - I və IV ixtisas qruplarından ilk TƏƏSSÜRAT

İmtahanlar və qəbul məsələləri

Dövlət İmtahan Mərkəzi

12 İyul 2026, 16:53
Abituriyentlər balını artıra biləcək? - I və IV ixtisas qruplarından ilk TƏƏSSÜRAT

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən xəbərə görə, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunub.

Abituriyentlərin təəssüratlarını öyrənmək üçün AzEdu.az Təhsil Portalı olaraq Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbə yollandıq.

147 nömrəli Texniki-Humanitar Liseyin məzunu, IV ixtisas qrupu üzrə abituriyent Əkrəm Əhmədov qeyd edib ki, imtahan ümumilikdə asan idi, suallar da çətin deyildi:

186615

"Həm birinci, həm də ikinci qəbul imtahanında mənə ən çox fizika fənni çətin gəldi və vaxtımı daha çox həmin suallar apardı.

Buraxılış imtahanında 270, ilk qəbul imtahanında isə 240 bal toplamışam. Beləliklə, ümumi nəticəm 510 bal edir.

Gələcəkdə Rusiyanın Seçenov adına Tibb Universitetində "Müalicə işi" ixtisası üzrə təhsil almaq istəyirəm.
İmtahanın təşkili ilə bağlı ciddi problem olmadı. 

Sadəcə, imtahan otağında həddindən artıq isti idi, hava çatışmırdı və pəncərələr açılmırdı. Bu da müəyyən narahatlıq yaradırdı".

23 nömrəli tam orta məktəbin məzunu, IV ixtisas qrupu üzrə abituriyent Zəhra Əliyevanın sözlərinə görə, bu, onun ilk qəbul imtahanı idi:

186621

"Birinci cəhddə iştirak etməmişdim, çünki Türkiyədə təhsil almaq üçün YÖS və SAT imtahanlarına hazırlaşırdım.

Məncə, imtahan çox da çətin deyildi. Biologiya daha asan idi və bütün sualları düzgün cavablandırmaq mümkün idi. Fizika mənə asan gəldi, çünki riyaziyyatım yaxşıdır. Kimya isə mənim üçün bir qədər çətin oldu. Ona xüsusi hazırlaşmamışdım. Amma düşünürəm ki, hazırlaşan abituriyentlər həmin sualları rahatlıqla cavablandıra bilərdilər.

Düşünürəm ki, qəbul imtahanından 150-200 bal arası nəticə göstərəcəyəm. Buraxılış imtahanından topladığım balla birlikdə ümumi nəticəmin Seçenov adına Tibb Universitetinə qəbul olmağım üçün kifayət edəcəyinə inanıram.

Gələcəkdə tibb ixtisası üzrə təhsil almaq və radioloq olmaq istəyirəm. Ümumilikdə imtahanın səviyyəsindən razı qaldım. Məncə, imtahan çox da çətin deyildi".

Kaspi Liseyinin məzunu, IV ixtisas qrupu üzrə abituriyent Rauf Həsənov bildirib ki, qəbul imtahanı yaxşı keçib:

186616

"Birinci cəhdlə müqayisədə bir qədər çətin idi, amma bunu gözləyirdim.

Məncə, çətin fənn yox idi. Sadəcə, biologiya sualları bir qədər çox vaxt aparırdı. Digər fənlər isə daha rahat idi.

Gələcəkdə Rusiyanın Birinci Moskva Dövlət Tibb Universitetində "Müalicə işi" ixtisası üzrə təhsil almaq istəyirəm.

Birinci qəbul imtahanı və buraxılış imtahanından ümumilikdə 416 bal toplamışam. Buraxılış imtahanından 216, ilk qəbul imtahanından isə 200 bal əldə etmişdim.

Birinci imtahandan sonra üzərimdə işlədim və bu müddətdə özümü inkişaf etdirdiyimi düşünürəm. Buna görə də ikinci imtahanı daha yaxşı yazdığıma inanıram.

Bu dəfə vaxtım bütün sualları cavablandırmağa çatdı. Birinci imtahanda vaxt çatmamışdı, amma bu dəfə bütün sualları cavablandıra bildim".

IV ixtisas qrupu üzrə abituriyent Sezim Kazımova qeyd edib ki, imtahan normal idi:

186618

"Birinci mərhələ ilə müqayisədə daha asan idi. 

Fizika və kimya mənə daha rahat gəldi. Bəzi dolaşıq suallar olsa da, ümumilikdə imtahanı rahat yazdım.
Buraxılış imtahanından 215, ilk qəbul imtahanından isə 180 bal toplamışdım.

Gələcəkdə Bakı Dövlət Universitetində Kimya müəllimliyi ixtisası üzrə təhsil almaq istəyirəm.

Birinci qəbul imtahanında mənə ən çətin gələn fənn kimya idi. Bu dəfə isə əksinə, ən rahat cavablandırdığım fənn elə kimya oldu.Vaxtım bütün sualları cavablandırmağa çatdı. 

Cəmi 2-3 sualı boş saxladım. Ümumilikdə imtahanın səviyyəsindən razı qaldım".

276 nömrəli tam orta məktəbin məzunu, IV ixtisas qrupu üzrə abituriyent Nəsrulla Vahid söyləyib ki, bu imtahana o qədər də yaxşı hazırlaşmayıb:

186617

"Amma düşünürəm ki, nəticəm ilk qəbul imtahanından daha yaxşı ola bilər. Mənə görə bu imtahan daha asan idi. Ola bilsin ki, bunun səbəbi bu dəfə həyəcanımın daha az olmasıdır.

Buraxılış imtahanından 292, ilk qəbul imtahanından isə 361 bal toplamışam.Gələcəkdə Azərbaycan Tibb Universitetində "Müalicə işi" ixtisası üzrə təhsil almaq istəyirəm.

Birinci qəbul imtahanında mənə ən çətin gələn fənn kimya idi, fizika isə daha rahat idi. Biologiya isə orta səviyyədə idi. Bu dəfə isə əksinə, fizika daha çətin, kimya isə daha rahat gəldi.

Vaxtım bütün sualları cavablandırmağa kifayət etdi, hətta sonda bir qədər artıq vaxtım da qaldı".

177 nömrəli tam orta məktəbin məzunu, IV ixtisas qrupu üzrə abituriyent Nəzrin İsmayıl imtahanın yaxşı keçdiyini dilə gətirib:

186619

"Amma məncə, birinci qəbul imtahanı ilə müqayisədə bu dəfə suallar daha çətin idi.

Bu imtahanda mənə ən çox fizika və kimya fənləri çətin gəldi. Birinci qəbul imtahanında isə biologiya daha çətin idi. Bu dəfə biologiya nisbətən daha asan idi.

Vaxtım bütün sualları cavablandırmağa kifayət etdi və bütün sualları cavablandıra bildim.

Buraxılış imtahanından 295, ilk qəbul imtahanından isə 382 bal toplamışam. Bu imtahandan isə təxminən 360-370 bal gözləyirəm.

Gələcəkdə Azərbaycan Tibb Universitetində "Müalicə işi" ixtisası üzrə təhsil almaq istəyirəm.Ümumilikdə imtahanın səviyyəsindən razı qaldım. 

Suallar proqram çərçivəsində idi və düşünürəm ki, yaxşı hazırlaşan hər bir abituriyent bu imtahanda uğurlu nəticə göstərə bilərdi".

Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin məzunu, IV ixtisas qrupu üzrə abituriyent Nağıyev Nail Rövşən oğlu qeys edib ki, birinci qəbul imtahanı ilə müqayisədə bu dəfə daha yaxşı yazdığını düşünür:

186620

"Kimya və fizika mənə biologiyadan daha rahat gəldi. Birinci qəbul imtahanında isə ən çətin fənn biologiya idi. Ümumilikdə ilk cəhd bu imtahandan daha çətin idi. Buraxılış imtahanından 262,3, ilk qəbul imtahanından isə 307 bal toplamışam. 

Bu imtahandan isə daha yüksək nəticə gözləyirəm. Gələcəkdə Azərbaycan Tibb Universitetində "Müalicə işi" ixtisası üzrə təhsil almaq istəyirəm. Daha sonra xaricdə, xüsusilə Almaniyada təhsilimi davam etdirməyi planlaşdırıram. Abituriyentlərə tövsiyəm odur ki, həyəcanlanmasınlar. 

Əgər yaxşı hazırlaşıblarsa, nəticəsini də görəcəklər. İmtahanda ən vacib məqamlardan biri stressi idarə edə bilməkdir. İnsan bunu bacarırsa, imtahanı daha rahat yaza bilər".

AzEdu.az-ın müşahidələri və abituriyentlərlə söhbətləri onu göstərir ki, iştirakçıların əksəriyyəti sualların gözlənilən səviyyədə olduğunu, bəzi fənlərin isə daha çox vaxt apardığını vurğulayıb.

Abituriyentlərin böyük hissəsi ilk qəbul imtahanı ilə müqayisədə bu mərhələni daha rahat və ya oxşar səviyyədə qiymətləndirib.

Onların fikrincə, biologiya, kimya və fizika fənləri üzrə çətinlik səviyyəsi fərqli olub. Bəzi iştirakçılar biologiya suallarının daha çox vaxt tələb etdiyini, digərləri isə fizika və kimyada müəyyən çətinlik yaşadıqlarını qeyd ediblər. İmtahan verənlərin əksəriyyəti vaxt baxımından ciddi problem yaşamadıqlarını bildirib. 

Bir sıra abituriyentlər əvvəlki imtahanla müqayisədə bu dəfə vaxt bölgüsünü daha düzgün etdiklərini və bütün sualları cavablandıra bildiklərini deyiblər.

Rus bölməsi üzrə IV ixtisas qrupu abituriyentlərinin əsas hədəfləri arasında tibb ixtisasları üstünlük təşkil edib. 

Onların bir qismi Azərbaycan Tibb Universitetində, digərləri isə Rusiyanın aparıcı tibb universitetlərində, xüsusilə Seçenov adına Tibb Universiteti və Birinci Moskva Dövlət Tibb Universitetində "Müalicə işi" ixtisası üzrə təhsil almaq istədiklərini bildiriblər.

Abituriyentlərin bir qismi xaricdə, xüsusilə Almaniyada təhsilini davam etdirməyi planlaşdırdığını da qeyd edib.

Ümumilikdə, IV ixtisas qrupu üzrə rus bölməsi abituriyentlərinin fikirlərinə əsasən, imtahanın təşkili qənaətbəxş olub. 

İştirakçılar sualların əsasən proqram daxilində hazırlandığını, yaxşı hazırlaşan abituriyentlərin yüksək nəticə göstərə biləcəyini vurğulayıblar. 

Bununla yanaşı, bəzi abituriyentlər imtahan zallarında temperatur və hava şəraiti ilə bağlı müəyyən narahatlıqlar yaşadıqlarını da diqqətə çatdırıblar.

Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox