Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyat prosesi davam edir.
Bu gün saat 11:00-a olan məlumata əsasən, qeydiyyatdan keçənlərin sayı 85 minə yaxındır.
Abituriyentlər arasında qeydiyyatla bağlı ən çox narahatlıq doğuran məqamlardan biri blok imtahanı üçün qrup seçimi zamanı səhvə yol verildikdə təsdiqin ləğv edilib-edilməməsi və yenidən qeydiyyat aparmağın mümkün olub-olmamasıdır.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, bu halda abituriyentlər ərizəni özləri ləğv edə bilərlər.
DİM-in (dim.gov.az) saytına daxil olaraq “Bakalavriat” bölməsinə keçid edin. Saytın sağ küncündə yerləşən “I cəhd imtahanına qeydiyyatın ləğvi” düyməsinə sıxın. Açılan pəncərədə abituriyentin məlumatlarını daxil edərək, təsdiqləyin və qeydiyyatı ləğv edin. Daha sonra isə yenidən qeydiyyatdan keçmək mümkündür.
Qeyd edək ki, qeydiyyat prosesi 29 aprel saat 23:59-dək davam edəcək. Bu müddət ərzində qeydiyyatdan keçməyən abituriyentlər I cəhd imtahanına buraxılmayacaqlar.