Azedu.az

“Heç bir sosial media hesabım yoxdur” - qəbuldan maksimum bal toplayan Zeynəb

İmtahanlar və qəbul məsələləri

Dövlət İmtahan Mərkəzi

17 İyun 2026, 21:13
“Heç bir sosial media hesabım yoxdur” - qəbuldan maksimum bal toplayan Zeynəb

24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticə olan 400 balı 3 nəfər toplayıb.

Onlardan biri də Bakı şəhəri Suraxanı rayonu S. Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızıdır.

AzEdu.az bu münasibətlə Zeynəblə həmsöhbət olub.

“Nəticəmi görəndə sevincdən ağladım”

“Əslində 400 bal toplamağı gözləyirdim, amma situasiya suallarında bəzi problemlər var idi deyə gözləntimi bir az aşağı salmışdım. Nəticəni öyrənəndə, əlbəttə ki, çox sevindim, hətta sonradan bir az ağladım da.

İmtahana həm özüm hazırlaşmışam, həm də repetitorla çalışmışam, amma uğurumu sadəcə repetitorla bağlamaq düzgün olmaz. Oxuduğum məktəb təmayüllüdür. Bu nəticə həm repetitorun, həm də məktəbimizin və müəllimlərimin birgə zəhməti sayəsində əldə olunub”.

“Universitet həyatında əsas hədəfim gələcək karyeram üçün möhkəm bir zəmin formalaşdırmaqdır”

“İmtahan suallarına gəlincə, tarix fənni asan, ədəbiyyat isə orta səviyyədə idi. Mənə ən çətin gələn fənn Azərbaycan dili oldu, lakin o da öhdəsindən gəlinə biləcək səviyyədə idi. Abituriyentlər arasında gəzən fikirlərlə razıyam: builki buraxılış imtahanı həm sualların çətinlik dərəcəsi, həm də vaxt aparması baxımından son iki ilin imtahanlarından daha çətin idi. Bu, sadəcə bir iddia deyil, faktdır.

Gələcəkdə hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm. Qarşımda üç universitet seçimi var: ya ADA Universiteti, ya Dövlət İdarəçilik Akademiyası, ya da Gömrük Akademiyası. Universitet həyatında əsas hədəfim mümkün qədər aktiv olmaq və gələcək karyeram üçün möhkəm bir zəmin formalaşdırmaqdır”.

“Yüksək bal toplamaq istəyənlərə ən birinci tövsiyəm odur ki, özlərinə güvənsinlər”

“Hazırlıq dövründə sosial mediadan uzaqlaşmaq məsələsinə gəlincə, mən özüm sadəcə WhatsApp-dan istifadə edirdim, başqa heç bir sosial şəbəkədə yox idim. Hesab edirəm ki, bu, insanın xarakterindən asılı olan bir şeydir. Məsələn, digər sosial şəbəkələr aktiv olsaydı belə, mənim diqqətim çox yayınmayacaqdı. Amma elə insanlar var ki, diqqətləri tez dağılır. Onlar üçün sosial media hesablarını bağlamaq, təbii ki, düzgün addımdır. Yəni bu qayda hər kəs üçün keçərli deyil.

Yüksək bal toplamaq istəyən növbəti abituriyentlərə ən birinci tövsiyəm odur ki, özlərinə güvənsinlər. Çünki özgüvən olmayanda uğurlu nəticə də olmur. Daha sonra həm öz qəlblərinin səsinə, həm də müəllimlərinin məsləhətlərinə qulaq assınlar. Ən əsası isə, hədəflərini və gözləntilərini hər zaman maksimum dərəcədə yüksək tutsunlar”.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox