Azedu.az

Hansı ixtisaslarda keçid balları artacaq, hansılarda enəcək? - vacib PROQNOZ

Qəbul imtahanları

19 İyun 2026, 12:36
Hansı ixtisaslarda keçid balları artacaq, hansılarda enəcək? - vacib PROQNOZ

Ötən günlərdə II və III ixtisas qrupları üzrə imtahan nəticələri elan edildi. II ixtisas qrupu üzrə ən yüksək nəticə 397 bal, III ixtisas qrupu üzrə isə 400 bal olub. Hər iki mərhələnin nəticələrinin cəminə əsasən, III ixtisas qrupu üzrə ən yüksək ümumi nəticə 690 baldır.

Məlumdur ki, bu il II ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı III qrupla müqayisədə daha çox idi. Ümumi nəticələri nəzərə aldıqda, hər iki qrup üzrə mənzərənin kifayət qədər ürəkaçan olduğunu demək mümkündür.

Bu halda sual yaranır ki, ixtisas qrupları üzrə keçid ballarının da artacağını söyləmək olarmı? Ötən il keçid ballarında müəyyən artım müşahidə olunmuşdu. Bu il açıqlanan nəticələr fonunda həmin tendensiyanın davam edib-etməyəcəyi maraq doğurur.

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, həm II, həm də III ixtisas qrupuna daxil olan prestijli ixtisaslarda daha çox bal artımı müşahidə olunacaq:

"Mövcud vəziyyətdə hansısa ixtisaslar üzrə keçid ballarının artacağını qəti şəkildə demək hələ ki, mümkün deyil. Bunun əsas səbəbi qarşıda ikinci cəhd imtahanlarının olmasıdır. Məhz bu imtahanlardan sonra bir çox qaranlıq məqamlara aydınlıq gələcək.

Bununla belə, hazırkı iştirakçı sayını müqayisə etdikdə bu amilin ballara müəyyən qədər təsir göstərəcəyi görünür. Bəzi ixtisaslar üzrə ballarda enmə ehtimalı olsa da, həm II, həm də III ixtisas qrupuna daxil olan prestijli ixtisaslarda daha çox bal artımı müşahidə olunacaq.

Hər bir halda, əsas həlledici şərt ikinci cəhd imtahanlarının nəticələridir. Son 10 ilin təcrübəsi göstərir ki, abituriyentlər ikinci cəhddə birinciyə nisbətən öz nəticələrini daha da yaxşılaşdırırlar. Bu irəliləyiş isə istənilən halda ümumi müsabiqə vəziyyətinə birbaşa təsir edir və balların yüksəlməsi ilə nəticələnir".

Təhsil eksperti Elçin Muradın sözlərinə görə, birinci, ikinci və üçüncü qruplarda balların təxminən 5-10 bal artma ehtimalı daha çox 200 baldan 350-400 bala qədər olan ixtisaslar arasında gözlənilir:

"Bu il buraxılış imtahanında vaxt aparan, yəni diqqət tələb edən və üzərində daha çox düşünüləsi sualların sayı çox olub. Bu vəziyyət ölkədə 300 tam bal toplayan abituriyentlərin sayının azalmasına gətirib çıxarıb. Digər tərəfdən isə blok imtahanının ötən illərə nisbətən asan keçirilməsi ballarda çox da kəskin şəkildə qalxma və ya enmə olmayacağını proqnozlaşdırmağa əsas verir. Lakin dəqiq mənzərə statistika bəlli olduqdan sonra məlum olacaq.

Hazırkı vəziyyətdə demək olar ki, bütün qruplarda, əsasən də birinci, ikinci və üçüncü qruplarda balların təxminən 5-10 bal artma ehtimalı daha çox 200 baldan 350-400 bala qədər olan ixtisaslar arasında gözlənilir. Konkret olaraq, birinci qrupda 200-400 bal aralığında, ikinci qrupda 200-350 bal aralığında, üçüncü qrupda isə 200-400 bal aralığında yerləşən ixtisaslarda bal artımı ehtimal olunur.

Buraxılış imtahanında yüksək bal toplayanların sayının az olması səbəbindən, 400 baldan yuxarı ixtisaslarda kəskin artım gözlənilmir. Əksinə, 400-700 bal aralığındakı yüksək ballı ixtisaslarda, xüsusilə də 500-700 bal arasındakı ixtisaslarda müəyyən qədər (təxminən 5-10 bal) enmə müşahidə oluna bilər. Hər bir halda, statistika tam bəlli olmadan və ötən illə müqayisələr aparılmadan balların nə qədər qalxıb-enəcəyi barədə qəti söz demək olmaz".

Rusiya getməyi dayandırın, əks halda...- ABŞ-dən təcili xəbərdarlıq
Son xəbərlərDaha çox