Azedu.az

96 ildə formalaşan universitet modeli - UNEC necə lider oldu?

AzEdu Təhsil Platforması

19 İyun 2026, 11:49
96 ildə formalaşan universitet modeli - UNEC necə lider oldu?

Bu gün ölkəmizin aparıcı elm və təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 96-cı ildönümüdür. Köklü ənənələrə malik olan UNEC, sadəcə zəngin tarixi ilə deyil, həm də müasir dövrün çağırışlarına çevik adaptasiya olmaq bacarığı ilə fərqlənir. Təsadüfi deyil ki, universitet uzun illərdir yüksək ballı abituriyentlərin ən çox üstünlük verdiyi və seçim reytinqlərində hər zaman ön sıralarda qərarlaşan bir elm brendinə çevrilmişdir. Bu gün UNEC, qlobal əmək bazarının sürətlə dəyişən tələblərinə tam cavab verən, rəqabətədavamlı və yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm strateji rol oynayır.

Universitetin uğurları təkcə ölkə hüdudları ilə məhdudlaşmır. O, nüfuzlu beynəlxalq reytinq agentliklərinin (məsələn, QS və Times Higher Education) hesabatlarında da öz mövqeyini davamlı olaraq yaxşılaşdırır və regional liderliyini möhkəmləndirir. Bu qlobal uğurların arxasında ise mükəmməl idarəetmə və insan kapitalına qoyulan investisiya dayanır.

Xüsusilə qeyd etmək lazımdır ki, UNEC Azərbaycanın ali təhsil məkanında differensial əməkhaqqı sistemini uğurla tətbiq edən və elmi fəaliyyəti unikal mexanizmlərlə stimullaşdıran qabaqcıl universitetdir. Müəllimlərin beynəlxalq nüfuzlu, yüksək impakt faktorlu elmi jurnallarda məqalələrinin dərc olunmasını müxtəlif bonus və təşviq proqramları ilə mükafatlandıran UNEC, ölkədə akademik motivasiyanın artırılmasında əsl örnək rolunu oynayır. Elm adamlarına və gənc tədqiqatçılara göstərilən bu yüksək diqqət, universiteti regional miqyasda innovativ tədqiqat mərkəzinə çevirməkdədir.

Bu innovativ yanaşma universitetin rəqəmsallaşma strategiyasında da özünü qabarıq göstərir. Tətbiq olunan modern "Elektron Universitet" modeli sayəsində bütün akademik və inzibati proseslər tam şəffaflaşdırılmış və çevik idarəetmə təmin edilmişdir. Eyni zamanda, tələbələrin qlobal təhsil məkanına inteqrasiyası məqsədilə dünyanın aparıcı universitetləri ilə uğurlu ikili diplom proqramları həyata keçirilir. Universitet həmçinin qlobal tendensiyalara reaksiyasız qalmır; "Yaşıl UNEC" strategiyası çərçivəsində ekoloji məsuliyyəti və dayanıqlı inkişaf prinsiplərini həm tədrisə, həm də kampusdaxili mühitə uğurla inteqrasiya edir. 96 yaşlı bu çinar təhsil ocağı, modern idarəetmə modeli və tələbəyönümlü mühiti ilə ölkə təhsilinin gələcək simasını formalaşdırmağa inamla davam edir.

Bu münasibətlə AzEdu.az UNEC-in reytinq uğurlarının əsas səbəbləri, məzunlarının əmək bazarındakı rəqabət qabiliyyəti və universitetin 96 illik tarix ərzində Azərbaycan təhsil sistemində qazandığı özünəməxsus yeri barədə  yazı hazırlayıb. 

Mövzu ilə bağlı danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, UNEC ailəsinin hər bir üzvünün vahid komanda şəklində universitetin inkişafı naminə çalışması bu təhsil ocağını artıq təkcə ölkə miqyasında deyil, regional və qlobal səviyyədə tanınan bir brendə çevirib:

185448

"Azərbaycan Dövlət İqtisad Universiteti 96 illik zəngin fəaliyyəti dövründə ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilib. Universitetin qazandığı uğurlar təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də öz təsdiqini tapmaqdadır. Ali təhsil müəssisəsinin bu mövqeyə yüksəlməsinin, reytinq uğurlarının və məzunlarının rəqabət qabiliyyətinin əsas səbəblərini bir neçə mühüm amillə izah etmək olar.

Universitet rəhbərliyinin qlobal ali təhsil və idarəetmə trendlərini dərindən bilməsi, reallaşdırdığı köklü islahatlar, həmçinin UNEC ailəsinin hər bir üzvünün vahid komanda şəklində universitetin inkişafı naminə çalışması bu təhsil ocağını artıq təkcə ölkə miqyasında deyil, regional və qlobal səviyyədə tanınan bir brendə çevirib.

İqtisad yönümlü bu tipli ixtisaslaşmış universitetlərin dünya reytinqlərində yer alması əslində asan başa gəlmir. Çünki bura geniş profilli (çoxsahəli) deyil, adından da göründüyü kimi, bəlli bir strateji hədəf naminə çalışan və iqtisad elmi prizmasından kadr hazırlayan bir təhsil müəssisəsidir.

Buna baxmayaraq, UNEC-in beynəlxalq reytinqlərdəki uğurlarına nəzər saldıqda, real faktlar və datalar burada yüksək səviyyəli tədqiqat və universitet mühitinin formalaşdığını aydın göstərir. Qlobal reytinq agentliklərinin hesabatlarında universitetin davamlı olaraq yüksəlməsi təsadüfi deyil; bu, ali təhsil ocağında təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində görülən ciddi və məqsədyönlü işlərin məntiqi nəticəsidir".

UNEC-in böyük və yüksək elmi-tədqiqat potensialı var:

"London İqtisad Məktəbi (LSE), Monpelye (Montpellier) Universiteti və digər nüfuzlu Qərb universitetləri ilə birgə ikili diplom proqramları UNEC-də uğurla tətbiq edilir. Eyni zamanda universitetdə təhsilin məzmunu kifayət qədər yenilənib, ən müasir kitabxana kompleksi istifadəyə verilib. Mən UNEC İctimai Nəzarət Şurasının üzvü kimi bütün bu prosesləri yaxından izləyir və universitetin davamlı inkişafından qürur duyuram.

Xarici dillərdə tədris yüksək səviyyədə aparılır. Təhsilin ingilis, rus və türk dillərində geniş şəkildə təşkili xarici tələbə və müəllim axınını stimullaşdırıb. Qeyd etdiyim kimi, UNEC-in böyük və yüksək elmi-tədqiqat potensialı var. Müəllim və tədqiqatçıların beynəlxalq, resenziyalı, "Scopus" və "Web of Science" bazalarındakı jurnallarda dərc olunan məqalələrinin sayı, həmçinin onlara edilən istinadlar sürətlə artır.

Universitet rəqəmsallaşma və innovasiya sahəsində də ciddi işlər görür. "Elektron universitet" modelinin, qabaqcıl təhsil texnologiyalarının və rəqəmsal idarəetmə sistemlərinin uğurlu tətbiqi idarəetməni effektiv edir. UNEC-in ayrı-ayrı dövrlərə aid hesabatlarını izləyən biri kimi, buradakı komanda ruhu və nizam-intizam həmişə diqqətimi cəlb edir.

Bu yanaşma, həm də məzunların əmək bazarındakı rəqabət qabiliyyətini artırır. UNEC məzunlarının həm yerli, həm də beynəlxalq əmək bazarlarında aparıcı mövqelər tutması universitetin praktiki yanaşmasından irəli gəlir. Burada praktik təhsil modeli uğurla tətbiq edilir, tədris proqramları isə əmək bazarının tələblərinə uyğunlaşdırılır. Bu, çox önəmli bir amil olmaqla məzunların iş tapmaq imkanlarını genişləndirir".

UNEC-in startap və inkubasiya mərkəzləri isə tələbələrdə təkcə iş axtaran deyil, həm də yeni iş yerləri yaradan sahibkar baxış bucağı formalaşdırır:

"Universitetdə müasir ixtisaslar formalaşdırılıb. Fənlərarası  yanaşmalar çərçivəsində xeyli yeni ixtisas yaradılıb. Data analitikası, maliyyə texnologiyaları və rəqəmsal marketinq kimi müasir əmək bazarının diktə etdiyi sahələr üzrə UNEC-də kadrlar hazırlanır. Eyni zamanda, universitetin Karyera Mərkəzi tələbələri hələ təhsil illərində real biznes mühiti, təcrübə proqramları və işəgötürənlərlə birbaşa əlaqələndirir. UNEC-in startap və inkubasiya mərkəzləri isə tələbələrdə təkcə iş axtaran deyil, həm də yeni iş yerləri yaradan sahibkar baxış bucağı formalaşdırır.

Hesab edirəm ki, bu yaradıcı və sahibkar təfəkkürün ali təhsildə artıq oturuşması təcrübəsini biz UNEC-in timsalında görürük. Azərbaycanın ali təhsil sistemində universitetin son illərdə sürətlə irəliləməsi təkcə beynəlxalq sıralamalarda yer almaq deyil, həm də ölkəyə xidmət edəcək kadr potensialını reallaşdırmaq məqsədi daşıyır. Zatən işlər doğru qurulanda, yanaşma düzgün olanda və hədəflər bəlli olanda reytinq sıralamasında yer almaq öz-özünə gəlir.

UNEC ölkədə iqtisad elminin mərkəzi sayılır. Bura iqtisadiyyat sahəsində fundamental və tətbiqi tədqiqatların aparıldığı, dövlət strategiyalarına rəy verən əsas beyin mərkəzidir. Məhz bu səbəbdən, UNEC-i artıq tam mənası ilə bir tədqiqat universiteti hesab etmək olar; çünki burada çox ciddi araşdırmalar həyata keçirilir".

UNEC həm də ölkənin strateji kadr bankı rolunu oynayır:

"Müstəqil Azərbaycanın dövlət idarəçiliyi, bank-maliyyə sektoru və iri biznes strukturlarının rəhbər heyətinin böyük qismi məhz bu məktəbin yetirmələridir. UNEC həm də ölkənin strateji kadr bankı rolunu oynayır. Universitet ölkə daxilində iqtisadi təhsil sahəsində standartları müəyyən edən və bu sahədə sağlam rəqabəti formalaşdıran bir brend statusuna malikdir.

UNEC-in 96 illik yubileyi, onun ənənə ilə müasirliyi sintez edərək gələcəyə doğru inamla addımladığını göstərir. Bu, universitet rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrinin ortaq uğurudur. Həmçinin bütövlükdə Azərbaycan təhsilinin qlobal müstəvidə fəxr ediləcək nailiyyətidir.

Bu əlamətdar 96 illik yubiley münasibətilə universiteti ürəkdən təbrik edirəm. Universitetin uğurlarına inanır və əminliyimi ifadə edirəm ki, rektor Ədalət müəllimin dediyi kimi, "Hər şey daha yaxşı olacaq!".

Təhsil ekspert Elçin Süleymanlı qeyd edib ki, təhsil sisteminin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanması, UNEC-in yaxın gələcəkdə təkcə regionun deyil, dünyanın da aparıcı universitetlərindən birinə çevriləcəyinə zəmin yaradır:

185449

"Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu gün ölkənin ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Bu il 96 yaşı tamam olan universitet, yaxın illərdə əsrlik tarixə malik ali təhsil ocaqlarının sırasına daxil olacaq.

Zəngin tarixi ənənələri olan UNEC, xüsusilə son illərdə həm elmi-tədqiqat fəaliyyəti, həm də daxili yenidənqurma və təhsil sisteminin təkmilləşdirilməsi sayəsində qlobal bir brendə çevrilmişdir. Universitet rəhbərliyinin, başda rektor Ədalət Muradov olmaqla, bu inkişafda və qazanılan uğurlarda böyük əməyi vardır.

UNEC, Cənubi Qafqazda iqtisadiyyat istiqaməti üzrə ən çox elmi nəşrə sahib olan aparıcı universitetlərdən biridir. Eyni zamanda, beynəlxalq reytinqlərdə Azərbaycanı uğurla təmsil edərək ilk üçlükdə, bəzi göstəricilərə görə isə birinci və ya ikinci yerlərdə qərarlaşır. "Web of Science" və "Scopus" kimi nüfuzlu bazalardakı elmi nəşrlərin sayına görə ölkədə qabaqcıl mövqelərə sahibdir.

Universitetdə uğurla tətbiq edilən differensial əməkhaqqı sistemi, "tədqiqatçı alim" statusunun verilməsi və "müştərək professor" (assistant professor) sistemi kimi mütərəqqi addımlar bu sürətli inkişafın əsas hərəkətverici qüvvələridir. Təhsil sisteminin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanması, UNEC-in yaxın gələcəkdə təkcə regionun deyil, dünyanın da aparıcı universitetlərindən birinə çevriləcəyinə zəmin yaradır.

Universitetin fəaliyyəti əsasən üç strateji istiqamətdə cəmlənmişdir: təhsil, tədqiqat, həmçinin beynəlxalq əlaqələr və iş dünyası ilə tərəfdaşlıq. Bu üç istiqamət bir-biri ilə möhkəm şəkildə bağlıdır.

Hər il UNEC-i seçən tələbələrin giriş ballarının yüksəlməsi, məzunların dünyanın ən nüfuzlu universitetlərində magistratura və doktorantura təhsili almağa yollanması, həmçinin dövlət qurumlarında və biznes sektorunda öz mövqelərini getdikcə gücləndirməsi bu uğurların bariz nümunəsidir.

UNEC, Azərbaycanda dörd dildə təhsil verən yeganə universitet olmaqla yanaşı, həm ölkə xaricində (Dərbənd), həm də Zaqatala filiallarına malikdir. Beynəlxalq tələbələrin coğrafiyasının genişlənməsi və xarici tərəfdaşlarla birgə icra olunan ikili diplom proqramları universitetin qlobal nüfuzunu daha da artırır.

Başda rektor Ədalət Muradov olmaqla, bütün UNEC kollektivini bu nailiyyətlər münasibətilə  uğurlarının davamlı olmasını arzulayırıq".

AzEdu.az Təhsil Portalının kollektivi adından, başda hörmətli rektor Ədalət Muradov olmaqla, bütün UNEC ailəsini 96-cı ildönümü münasibəti ilə təbrik edir, ali təhsilimizin flaqmanı olan təhsil ocağına qlobal miqyaslı uğurlarının davamlılığını arzulayırıq.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox