Son illərdə sosial media platformalarında tədris fəaliyyətindən daha çox konflikt xarakterli status və müzakirələrlə gündəmə gələn, rəqəmsal məkanda "tənqidi fenomen" kimi xarakterizə edilən bir qrup təhsil işçisinin fəaliyyəti müşahidə olunur.
Bu hal müəllim imicinin zədələnməsinə və təhsil mühitində peşəkar etika prinsiplərinin pozulmasına yol açır.
Maraqlıdır, müəllimlərin sosial şəbəkə davranışlarının tənzimlənməsi, peşə nüfuzunun qorunması və bu tipli müəllimlərlə pedaqoji-psixoloji işin aparılması üçün hansı yanaşmalar tətbiq edilməlidir?
AzEdu.az-a mövzu ilə bağlı təhsil tədqiqatçısı Elmin Nuri açıqlama verib.
O, qeyd edib ki, bu cür konflikt xarakterli paylaşımları, mübahisəyə meyilliliyi sosial şəbəkələrdəki təhsil kontentinə də çox tanışdır və adi qarşılanmaqdadır:
"Doğrusu, son bir neçə ildə bu qəbildən olan müəllimlərə sosial şəbəkələrdə tez-tez də olmasa, müəyyən hallarda rast gəlinir. Doğrudur, müəllim də digər peşə sahibləri kimi müstəqil və özünü sərbəst şəkildə ifadə etmək hüququna malikdir. Amma hər şey öz əndazəsində gözəldir. Təhsil proseslərinin içində olan biri kimi, illərdir ki, müşahidə etdiyim məqamlar az deyil. İllərdir ki, sosial şəbəkələrdə təhsillə bağlı qrup və səhifələrdə az qala bütün paylaşımlara ironik, konflikt xarakterli müdaxilələr edən müəllimlər var ki, onlar bu gün də öz amplualarındadırlar.
Artıq onların bu cür konflikt xarakterli paylaşımları, mübahisəyə meyilliliyi sosial şəbəkələrdəki təhsil kontentinə də çox tanışdır və adi qarşılanmaqdadır. Təkrar edirəm, hər kəsin istər sosial şəbəkələrdə, istərsə də realda öz fikrini ifadə etmək, nələrləsə razılaşmamaq hüququ var. Kimsənin də hüququna toxunmaq olmaz. Amma az qala hər gün məhz bu işlərə zaman ayırmaq bir müəllimin həm pedaqoji mühitə olan bağlantısını azaldar, həm də özünü inkişaf etdirməyə ciddi zərbə vura bilər. İzləyirik, özünü inkişaf etdirən, beynəlxalq təhsil trendləri ilə ayaqlaşmaq istəyən, özünü yeniliklərdən uzaq salmaq istəməyən xeyli sayda müəllimimiz var.
Amma bir qrup da var ki, sosial şəbəkələrin tənqidçi ulduzuna çevriliblər. Üstəlik, bir çoxu da xeyli sayda səhifə və ya qruplarda admin, moderator, ən pis halda aktiv üzv statusundadır və auditoriyalarını sırf bu məqsədlə böyütmək sevdaları daha çoxdur. Bəziləri, nədənsə, kimdənsə çəkinməyərək, birbaşa öz adı ilə, bəziləri isə saxta adlarla təhsilin rəqəmsal konflikt mühitini ayaqda saxlayırlar".
Müəllim özünün sinif otağında daha böyükdür və daha faydalıdır:
"Kənardan kimlər üçünsə, təhsil fədakarları, tədris mühitində neqativlərlə üzləşən şəxslərin sosial müdafiəçisi kimi görünə bilərlər. Amma reallıq tamamilə başqadır. Reallıq bu konfliktlərin məntiqi yekununda diktəedici bir fərdə çevrilmək cəhdidir.
Mənə görə, müəllim özünün sinif otağında daha böyükdür və daha faydalıdır. Təbii ki, o da sosial şəbəkələrdə hansısa neqativi dilə gətirə bilər. Amma bizim danışdığımız kəsim onlardan tamamilə fərqlidir. Aralarında, əmin olun, elələri də var ki, onlar məhz sosial şəbəkə fenomenliyinə çevrilmək uğrunda sinif otağını belə qurban verməyə hazırdırlar. Necə ki, məhz belə də ediblər...
Müəllimlərin hədsiz nəzarətdə saxlanılmasının, onların aktiv media və sosial şəbəkə subyektlərinə çıxışına qadağa qoyulmasının və hər hansı məhdudiyyət tətbiqinin qəti əleyhinəyəm. Bu gün bir çox uğurlu müəllimlər həm sosial şəbəkələr, həm də media, xüsusən də təhsil media resursları vasitəsilə ara-sıra ictimai mövqe nümayiş etdirməli, təcrübə və biliklərini, hətta tənqid və iradlarını da bölüşməlidirlər.
Lakin sosial şəbəkələrdə təhsilin imicinə xələl gətirən, müəllim obrazını zədələyən qruplar ciddi nəzarətə alınmalı və onlarla peşə səriştələrinin artırılması istiqamətində ciddi diskussiyalar aparılmalı, üstəlik, bir neçə xəbərdarlıqdan sonra bu qrupa aid olanlarla bağlı sərt addımlar da atılmalıdır".