Aprelin 21-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, idarənin struktur bölmə rəhbərləri, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, müharibə veteranı Anar Məmmədov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Şəki şəhər R.Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunmuş yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bilik yarışının açılış mərasimində çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafız Pənahov olimpiadanın əhəmiyyətindən danışıb, bu cür yarışların şagirdlərin intellektual inkişafında və onların gələcək uğurlarında mühüm rol oynadığını vurğulayıb.
Bilik yarışında hər bir yerli təhsil sektorundan 6 nəfərdən ibarət IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.
Məlumat üçün bildiririk ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.
Bilik yarışının yekun nəticəsinə əsasən Oğuz rayon üzrə təhsil sektorunun şagirdlərindən ibarət komandası region mərhələsinin qalibi olub. Qalib komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil edəcək.