Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində şimal-qərb bölgəsinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib.
AzEdu.az xəbər verir ki tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin müdir müavini Hafiz Pənahov, idarənin struktur bölmə rəhbərləri, ETİHİ-nin Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimində çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova iştirakçılara uğurlar arzulayıb, bu cür layihələrin şagirdlərin intellektual inkişafı və məntiqi düşünmə bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən ETİHİ-nin Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva şahmatın uşaqlarda strateji düşüncə, diqqət və səbir kimi keyfiyyətləri inkişaf etdirdiyini qeyd edərək turnirin əhəmiyyətini yüksək qiymətləndirib.
Gərgin və maraqlı keçən intellektual mübarizənin nəticələrinə əsasən, Şəki rayonunu təmsil edən komanda birinci yerə, Balakən rayon komandası ikinci yerə, Zaqatala rayon komandası isə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdən ibarətdir.