Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 13:01:00
Akademik Rasim Əliquliyev: Süni intellektin ümumfəlsəfi əsasları üzrə tədqiqatlar aparılmalıdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elmi şuranın cari il üçün ilk iclası keçirilib.

AzEdu.az xəbər verir ki.iclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun bir il ərzində elmi-innovasiya və elmi-təşkilati fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, aparılmış elmi tədqiqatlar barədə danışıb. Bildirib ki, həmişə olduğu kimi, bu il də aktual problemlərin aşkarlanması, dərin elmi araşdırmalar aparılması və əldə olunan nəticələrin “Scopus”, “Web of Science” kimi nüfuzlu bazalara daxil olan jurnallarda dərc olunması hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulub.

R.Əliquliyev institutun daxili potensialının daha səmərəli idarə olunmasının vacibliyindən danışıb, yüksək peşəkarlığa malik kadrlar yetişdirilməsinin zəruriliyini qeyd edib.

Akademik cari ildə institutda keçirilməsi nəzərdə tutulan 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” respublika elmi-praktik konfransının müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanması istiqamətində tövsiyələrini səsləndirib, institutun hər bir əməkdaşının süni intellekt ideologiyasının carçısına çevrilməsinin, süni intellektin ümumfəlsəfi əsasları üzrə tədqiqatlar aparılmasının vacibliyini vurğulayıb.

Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov institutda fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlar barədə məlumat verib, fevral ayından başlayaraq onların attestasiyasının keçiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, bu prosesdə 7 doktorant, 18 dissertant və 8 elmlər doktoru iddiaçı olaraq iştirak edir.

İclasda institutun əməkdaşlarının ötən il “Milli superkompüter forumu”nda (Rusiya), “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” XVIII Beynəlxalq konfransında (Belarus), EaPConnect tərəfdaşları üçün “Federated Cloud II” seminarında (Roma) iştirak etmələri haqqında məlumat verilib.

Çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.