XƏBƏRLƏR

10.09.2019 12:45
Azərbaycandakı bağça müəllimlərinin təhsil səviyyəsi qənaətbəxşdirmi? –Rəqəmlər danışır

Beynəlxalq təcrübəyə məktəbəqədər təhsil müəssisələrində çalışanların təhsilinə xeyli önəm verir. Hətta bəzi ölkələrdə bağça müəllimi kimi çalışmaq üçün magistratura təhsili tələb olunur.

Bəs, Azərbaycan məktəbəqədər təhsil müəssisələrində çalışanların təhsil səviyyəsi nə dərəcədə qənaətbəxşdir?

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Göstəricilərə diqqət yetirdikdə bağçalarda çalışanların ali təhsil səviyyəsinin əvvəlki illərlə müqayisədə aşağı düşdüyü məlum olur.

Məcmuədə bildirilir ki, 2019-cu ildə məktəbəqədər təhsil müəssisələrində 16 939 pedaqoji işçi çalışıb. Onlardan 34,1 %-i ali, 0,2 %-i natamam ali təhsillidir. Ali təhsilli pedaqoji işçilərin sayı  2018-ci ildə 34,5 % olub. Əvvəlki illərdə bu göstərici 33, 2011-ci ildə 26,6  % olub.  Ali təhsilli bağça müəllimlərinin ən az olduğu il isə 2006-cı ildir. Həmin ildə məktəbəqədər təhsil müəssisələrindəki pedaqoji işçilərin ali təhsillilik səviyyəsi cəmi 25,1 % olub.

Bağça müdirlərinin ali təhsil səviyyəsində isə ötən illərlə müqayisədə artım müşahidə olunur. Bu il 1800 məktəbəqədər təhsil müəssisəsi rəhbərindən 71, 9 %-nin ali təhsilli olduğu aşkarlanıb. Ali təhsillilərin 95, 7 %-i isə məhz pedaqoji ali təhsilə sahibdir.

Maraqlısı budur ki, statistik göstəricilər məktəbəqədər təhsil müəssisəsi rəhbərlərinin 0,9 %-nin yalnız tam orta təhsilə sahib olduğunu aşkarlayıb. Statistik göstəricilər belə bağça müdirlərinin sayının azaldığını da təsdiqləyib.

Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin isə ali təhsillilik səviyyəsi isə 31,3 % qeydə alınıb. Göstərilib ki, bu il həmin müəssisələrdə 13 057 tərbiyəçi çalışıb.

Qeyd edək ki, statsitik göstəricilər həm dövlət, həm də özəl məktəbəqədər təhsil müəssisələrini əhatə edir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu