Xəbər verdiyimiz kimi, ali məktəblərə qəbul imtahanlarının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı mayın 5-də başa çatıb.
AzEdu.az saytı xəbər verir ki, bu il III ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı I və II ixtisas qrupları üzrə sənəd verənlərdən xeyli azdır.
Belə ki, bu il III ixtisas qrupu 22151 abituriyent qeydiyyatdan keçib. Onlardan 20076-sı Azərbaycan bölbəsinin, 2075-i rus bölməsinin abituriyentləridir.
Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi statistikasından görünür ki, III ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin böyük əksəriyyəti Azərbaycan dili-Tarix (DT) altqrupunu seçib. Belə ki, Azərbaycan bölməsi üzrə 15055, rus bölməsi üzrə isə 1418 abituriyent yalnız DT altqrupunun imtahanlarını vermək istəyir.
Yalnız Tarix-coğrafiya (TC) altqrupu üzrə imtahanlarda iştirak etmək istəyən abituriyentlərin sayı isə Azərbaycan bölməsi üzrə 415 , rus bölməsi üzrə 81 nəfərdir.
Hər iki altqruplarını (DT və TC) seçən abituriyentlər isə Azərbaycan bölməsi üzrə 4606 , rus bölməsi üzrə 576 nəfərdir.
Xatırladaq ki, III ixtisas qrupunda abituriyentlər Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya fənlərindən imtahan verirlər.
DT altqrupunu seçənlər Azərbaycan dili, ədəbiyyat, tarixdən, TC altqrupunu seçənlər isə Azərbaycan dili, tarix, coğrafiyadan imtahan verəcəklər.
Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən də fərq imtahanı verirlər.
III ixtisas qrupu üzrə qəbul imtahanlarının 1-ci cəhdi 20 may 2023-cü il tarixində keçiriləcək.