Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 10:41:55
AzEdu.azla QUA-nın şagirdlər üçün möhtəşəm layihəsi başa çatdı- Hamı hədiyyə qazandı  

"Məktəblinin kitabı" layihəsi çərçivəsində mükafatlandırma   Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans  zalında  baş  tutub.

 Layihəyə  qoşulan şagirdlər valideynləri ilə birlikdə tədbirdə iştirak ediblər.

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə  ədəbiyyata, mütaliəyə  maraq yaratmaq  üçün  AzEdu.az  Azərbaycan  Təhsil  Portalı ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsi uğurla başa çatdı.

Layihənin birinci  mərhələsində paytaxt və bölgələrdən olan məktəblilərin fotosu və oxuyub bəyəndikləri bədii əsərlərin siyahısı  QUA  və  AzEdu.az-ın Feysbuk və İnstaqram səhifələrində paylaşılaraq ictimaiyyətə təqdim edilib.

İkinci mərhələdə isə  QUA və AzEdu.az komandası  tərəfindən  həmin  ədəbiyyat siyahıları  arasından  ən  yaxşı  10  siyahı seçilib.

III  final mərhələsində isə tanınmış ədəbiyyat, ictimai xadimlərdən ibarət 7 münsif tərəfindən ilk üçlük - layihənin qalibləri müəyyən olunub.

Münsiflər  heyəti  Milli Məclisin deputatı  Fazil Mustafa,  türk dünyasının tanınmış şairi  Rüstəm Behrudi, naşir, "Altun Kitab" nəşriyyatının rəhbəri  Rafiq  İsmayılov,  "Hədəf" Şirkətləri Qrupunun baş direktoru Şəmil Sadıq,  AYB-nin  gənclər katibi, "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid, şairə Kamalə Abıyeva və uşaq yazıçısı Vüqar Haqverdiyevdən  ibarət  yeddilik  olub.

Onlar ilk onluqa düşən  şagirdlərə oxuduqları əsərlər barəsində suallar verməklə, müxtəlif məzmunlu müzakirələr aparmaqla  iştirakçıları 10 ballıq sistemlə qiymətləndiriblər. Qaliblər məhz bu ballara uyğun müəyyənləşib.

Nəzərinizə çatdıraq ki, layihədə ümumilikdə 60 məktəbli iştirak etdi. Onlardan 16-sı müxtəlif bölgələrdən, 44 isə Bakının məktəblərindən olub.

Mükafatlandırma  mərasiminə  Bakıdan, Neftçaladan, Şəkidən, Goranboydan və Ağsudan olan 38 məktəbli şagird qatıldı. Qaliblər və onluğa düşən məktəblilərlə yanaşı, layihənin digər iştirakçıları da sertifikat və kitab hədiyyəsi ilə mükafatlandırıldı.

Qeyd edək ki, layihənin qalibləri  Nurməmmədov  Nuran, Quliyev Həsən və Vəlizadə Nihad olub. Əsədli Nadir isə təxminən eyni balla münsiflərin  fərqləndirdiyi  məktəblilərdən oldu.

Layihəmizin ən kiçik iştirakçıları Qəmər Babayeva, Yusif Cəbili, Yusif Yaqubov isə tədbirə xüsusi gözəllik qatdı.

Qeyd: AzEdu.az tədbirdən hazırladığı geniş foto və video reportajları tezliklə oxuculara təqdim edəcək.