Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 07:45:55
Qarabağ bölgəsinin məktəbliləri aksiyaya başladılar

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Qarabağ bölgəsinin məktəbliləri də qoşulublar.

Ağdam, Ağcabədi, Bərdə və Beyləqan rayonlarından ümumilikdə, 160 nəfər məktəbli martın 26-29-da “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarını daha yaxından tanıyacaqlar.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasına Quzanlı qəsəbəsindən yola düşüblər. Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov və təhsil şöbəsinin müdiri Mətanət Misirxanova çıxış edərək aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərə səfərlərinin olduqca maraqlı olacağını, tur-aksiyadan çox şey öyrənəcəklərini bildiriblər.

Qeyd olunub ki, ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən biri də Qəbələ-Şəki-Zaqatala zonasıdır. Bu rayonlarımız da digər bölgələrimiz kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə tanınır. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf edib.

Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər.

Övladını yola salmağa gələn valideyn Yusif Məhərrəmov tur-aksiyadan məmnunluğunu belə ifadə edib: “Hər bir valideyn kimi mənim də istəyim övladımın bilikli, dünya görüşlü olmasıdır. “Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərə Vətənimizi daha yaxşı tanımaq, biliklərini artırmaq imkanı verir. Tur-aksiyanın təşkilatçılarına minnətdaram”.

Bənövşələr kənd tam orta məktəbin şagirdi Emil Arifli deyib: “Şagird dostlarımla birgə Qəbələ, Şəki və Zaqatalanın təbiəti, görməli yerləri ilə tanış olacağıq. Belə layihələrin olması çox yaxşıdır. Çünki, hər bir kəs yaşadığı ölkənin tarixi, coğrafiyası, təbiəti, adət-ənənələri, mədəniyyəti barədə məlumatlı olmalıdır. Ölkəmizi tanıyaq tur aksiyası bizə bu şəraiti yaradır. Belə bir aksiyanın keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər Heydər Əliyev Mərkəzində eksponatlarla tanış olub, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, sonra onlar üçün ayrılan avtobusla Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşüblər.

qarabag bolge mekteblileri2.jpg

qarabag bolge mekteblileri3.jpg

qarabag bolge mekteblileri5.jpg

qarabag bolge mekteblileri6.jpg