Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 12:16:05
“Yüksəliş”in onlayn mərhələsi başlayacaq

“Yüksəliş” müsabiqəsi iştirakçılarının gözlədiyi onlayn mərhələ tezliklə start götürəcək.

 

AzEdu.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

 

Onun sözlərinə görə, 5 mərhələdən ibarət olacaq “Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü aprelin 14-ü saat 11:00-da onlayn mərhələnin “Ümumi biliklər imtahanı” üzrə sınaq imtahanı ilə başlayacaq. İmtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər” blokları üzrə aparılacaq. Ötən illərdən fərqli olaraq, onlayn mərhələ “Ümumi biliklər imtahanı” və CV turu olmaqla 2 hissədən ibarətdir. Sistemə giriş isə 1 saat öncədən aktiv olacaq.

 

 

Qarşıdan gələn onlayn mərhələ haqqında məlumat verən İşçi qrupunun rəhbəri deyib ki, ümumilikdə qeydiyyatdan keçən 15877 nəfər namizədin ərazi üzrə bölgüsündə Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Qarabağ zonalarından olan namizədlər üstünlük təşkil edir:

 

"Universitetlər üzrə qeydiyyat statistikasına əsasən bakalavriat təhsili üzrə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri sayca ilk sıralarda yer alırlar. Sevindirici hal isə ondan ibarətdir ki, ötən illərlə müqayisədə qadın iştirakçıların sayında artım müşahidə olunub".

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.