Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-16 15:07:15
MDU-da “Məktəbəqədər təhsildə Reggio Emilia pedoqogikası” adlı təlim keçirilib

2024-cü ilin 14 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Məktəbəqədər təhsildə Reggio Emilia pedaqogikası” adlı təlim keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, İsveçin Stokholm şəhərində yerləşən “Avropada Skandinaviya Assosiasiyası”nın nümayəndələri Samirə Hüseynova və Nəzrin Mənsurzadənin təqdimatla çıxış etdiyi onlayn formatlı təlimdə MDU-nun bir qrup akademik heyət üzvləri iştirak edib.Təqdimat zamanı qonaqlar uzun illər ərzində məktəbəqədər təhsil pilləsində həyata keçirdikləri araşdırmalardan, İsveçdə uşaq və yeniyetmələrlə işin təşkilində “Reggio Emilia” yanaşmasının tətbiqi ilə bağlı söhbət açıblar.

 

İkinci Dünya müharibəsindən sonra İtaliyanın şimalındakı kiçik Reggio Emilia şəhərində yaranmış və hazırda pedaqogikada ən perspektivli sahələrdən biri hesab olunan bu unikal yanaşmanın əsas məqsədi müasir tələblərə cavab verən, fiziki cəhətdən sağlam, düşünmək, təhlil etmək, mühakimə yürütmək, həmçinin sosial-emosional, estetik-yaradıcı qabiliyyətlərə malik olan insan yetişdirmək olduğu diqqətə çatdırılıb. Bu prosesdə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin rolu çox önəmli olduğu qeyd edilib.

 

Əhəmiyyəti ilə diqqət çəkən mövzu ətrafında aparılan müzakirələrdə uşaqlar üçün ən səmərəli və təbii inkişaf yolunun onların uşaqlıq çağlarını dolu-dolu yaşamaqla bərabər faydalı oyunlar oynayaraq öyrənmmələrinin verəcəyi müsbət nəticələrdən danışılıb. Bildirilib ki, bu pedaqoji yanaşma gələcək nəslin inkişafına əhəmiyyətli təsir edə bilər. Belə ki, hər bir uşaq güclü, bacarıqlı və özünəməxsus fərqliliyi ilə doğulur. Böyüklərin, xüsusən də pedaqoqların  vəzifəsi isə onların fərqliliyini aşkarlamaq, yeni fəaliyyətlərə ruhlandırmaq, maraqlarını inkişaf etdirmək, dünyanı anlamağa və orada öz yerini tapmağa kömək etmək, yoldaşları ilə ünsiyyət qurmaq bacarıqlarını aşılamaqdır.

 

Qeyd edək ki, təlim MDU ilə İsveçin Stokholm şəhərində yerləşən “Avropada Skandinaviya Assosiasiyası” arasında yaradılmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.