Azedu.az

SDU-da 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib

Ali təhsil

26 Sentyabr 2026, 17:06
SDU-da 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib

Sumqayıt Dövlət Universitetində (SDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar universitetin foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü və tələbə-məzunların xatirəsinə ucaldılmış şəhidlik abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Anım Gününə həsr olunmuş fotosərgi ilə tanış olublar.

SDU-nun Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm mərhələ olduğunu bildirib. Qeyd edib ki, tarixi Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti və xalqımızın milli birliyi və həmrəyliyi həlledici amillər olub.

Rektor vurğulayıb ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə və qazilərə dövlət qayğısının davam etdirilməsi, Vətən müharibəsi həqiqətlərinin gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Bildirib ki, gənclərin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlı, yüksək intellektual və vətəndaşlıq keyfiyyətlərinə malik şəxsiyyətlər kimi yetişdirilməsi ali təhsil müəssisələrinin əsas prioritetlərindəndir.

Professor Nurəli Yusifbəyli qeyd edib ki, müasir mərhələdə əsas hədəf Zəfər irsinin qorunması, dövlətçiliyin daha da möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına töhfə verməkdir. 27 Sentyabr – Anım Günü şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz, Vətən uğrunda göstərilən fədakarlıqları xatırladığımız, xalqımızda hüznlə yanaşı, Zəfər qüruru və gələcək nəsillər qarşısında məsuliyyət hissi yaradan əlamətdar gündür.

Tədbirdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri, Zəfər ordenli polkovnik-leytenant Anar Rizvanov “Müzəffər Ali Baş Komandanın strateji rəhbərliyi və “Dəmir yumruq” əməliyyatı” mövzusunda məruzə ilə çıxış edib.

Anar Rizvanov Vətən müharibəsinin gedişində həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatının əsas mərhələləri, strateji əhəmiyyəti və Azərbaycan Ordusunun döyüş hazırlığı barədə məlumat verib. O, 44 günlük Vətən müharibəsinin Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, döyüş ruhu və Vətənə sədaqəti ilə müşayiət olunduğunu diqqətə çatdırıb.

Daha sonra Sumqayıt Dövlət Universitetinin şəhid məzunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Anım tədbirdə Dil və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Muğamat “Vətən müharibəsində Azərbaycan qadınının fədakarlığı”, Energetika və rəqəmsal texnologiyalar fakültəsinin 676a qrupunun tələbəsi, qazi Məhəmməd Əlizadə isə “Qalib Azərbaycan əsgərinin gözü ilə döyüş meydanının reallıqları” mövzularında çıxış ediblər.

Sonda Vətən müharibəsi iştirakçılarının döyüş yolu və Zəfər tarixinin gənc nəslə çatdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox