Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzinin əməkdaşlıq təşəbbüsü ilə Türkiyə universitetlərinin karyera mərkəzləri ilə təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində görüşlər davam etdirilir.
AzEdu.az xəbər verir ki, bu çərçivədə İzmir Katib Çələbi Universitetinin Karyera Mərkəzi ilə onlayn görüş keçirilib.
Görüşdə qarşı tərəfdən Muratcan Başaran, AzMİU tərəfindən isə Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev ilə karyera məsələləri üzrə böyük mütəxəssis Nübar Quliyeva iştirak ediblər.
Görüş zamanı hər iki universitetin karyera xidmətləri, tələbə və məzunlarla iş istiqamətləri, rəqəmsal karyera alətləri və müasir işə keçid mexanizmləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Məzun Kommunikasiya Sistemi platforması barədə ətraflı məlumat təqdim olunub. Platformanın məzunlarla əlaqələrin sistemli şəkildə qurulması, məzun məlumatlarının idarə olunması və universitet–məzun əlaqələrinin inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Bununla yanaşı, tələbə və işəgötürənlərin bir araya gətirilməsinə, işə qəbul proseslərinin daha səmərəli təşkilinə xidmət edən ATS (Applicant Tracking System) platforması haqqında təqdimat keçirilib. ATS sisteminin iş prinsipi, vakansiyaların idarə olunması və namizədlərin seçim prosesinin rəqəmsal şəkildə həyata keçirilməsi ilə bağlı təcrübələr bölüşülüb.
Tərəflər arasında xüsusilə ATS sistemləri və digər rəqəmsal karyera alətləri üzrə təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib. Əməkdaşlıq çərçivəsində qeyd olunan proqram təminatı və rəqəmsal alətlərin iş prinsiplərinin AzMİU Təcrübə və Karyera Mərkəzinin əməkdaşlarına təqdim edilməsi, bu istiqamətdə seminar və praktiki təlimlərin keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüş zamanı tərəflər karyera xidmətlərinin rəqəmsallaşdırılması, müasir karyera texnologiyalarının tətbiqi və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.