Azedu.az

AzMİU-da 27 Sentyabr- Anım Günü keçirilib

Ali təhsil

25 Sentyabr 2026, 15:57
AzMİU-da 27 Sentyabr- Anım Günü keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Universitet rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin, şəhid ailələrinin və Vətən müharibəsi qazilərinin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

AzEdu.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova 27 Sentyabrın Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğunu, bu tarixin milli birlik, qəhrəmanlıq və Vətənə sədaqət rəmzinə çevrildiyini vurğulayıb.

Rektor 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqın həmrəyliyindən, şəhid və qazilərimizin fədakarlığından danışıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin ölkə tarixində mühüm mərhələ olduğunu qeyd edib.

Professor Gülçöhrə Məmmədova şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, onların qayğılarının daim diqqət mərkəzində saxlanılmasının mənəvi borc olduğunu bildirib. Universitetin şəhid məzunlarının xatirəsinin yaşadılmasının, onların həyat və döyüş yolunun gənc nəslə tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Rektor çıxışında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. O, şəhidlərin əmanət qoyduğu Vətənə layiqli vətəndaş olmağın, ölkənin inkişafına bilik və zəhmətlə töhfə verməyin hər bir gəncin qarşısında duran böyük məsuliyyət olduğunu bildirib.

Rektor Gülçöhrə Məmmədova çıxışında xüsusi vurğulayıb ki, müharibə başa çatsa da, Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində mübarizə davam edir. Onun sözlərinə görə, Ermənistanda hələ də revanşist mövqedən çıxış edən, eyni zamanda tarixi faktları təhrif etməyə çalışan qüvvələr mövcuddur. Bu qüvvələrin bir qismi revanşist çağırışlarla çıxış edir, digərləri isə Qafqaz Albaniyasına məxsus, Qərbi Azərbaycanda və işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni abidələrin mənşəyini saxtalaşdırmağa, onları erməni irsinin nümunələri kimi təqdim etməyə çalışırlar. Rektor bildirib ki, belə cəhdlər qarşısında daim ayıq-sayıq olmaq, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli fəaliyyət göstərmək vacibdir. Xüsusilə elmi müstəvidə, beynəlxalq platformalarda, informasiya məkanında və mediada bu istiqamətdə fəaliyyət gücləndirilməlidir. Gülçöhrə Məmmədova qeyd edib ki, tarixi həqiqətlərin müdafiəsində bir an belə arxayınlaşmaq olmaz. Əks halda, tarixi təhrif etməyə çalışan qüvvələr yaranmış informasiya boşluğundan istifadə edərək əsassız iddialarını beynəlxalq ictimaiyyətə həqiqət kimi təqdim etməyə çalışacaqlar. Bu baxımdan, alimlərin, tarixçilərin, memarların, media nümayəndələrinin və bütövlükdə ziyalıların üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın tarixi-mədəni irsinin qorunması, abidələrimizin mənşəyinin elmi əsaslarla araşdırılması və tarixi həqiqətlərin dünyaya çatdırılması hər birimizin qarşısında duran mühüm vəzifədir.

Daha sonra çıxış edən Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov Vətən müharibəsində qazanılmış Qələbənin tarixi əhəmiyyətindən, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhundan və şəhidlərimizin qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb.

Tədbirin ən təsirli məqamlarından biri universitetin şəhid məzunu Səmural Fətəliyevin atası Ayaz Fətəliyevin çıxışı olub. Şəhid atasının tədbirdə iştirakı universitet kollektivinin öz qəhrəman məzunlarına və onların ailələrinə göstərdiyi ehtiramın ifadəsi kimi qarşılanıb.

Tədbirdə AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin II kurs tələbəsi, Vətən müharibəsi qazisi Rəvan Vəzirov da çıxış edib. Qazinin tədbirdə iştirakı Vətən uğrunda döyüşmüş qəhrəmanların həyat yolunun gənclər üçün canlı örnək olduğunu bir daha nümayiş etdirib.

Çıxışlarda şəhidlərin xatirəsinin yaşadılmasının yalnız anım tədbirləri ilə məhdudlaşmadığı, onların uğrunda mübarizə apardıqları Vətənin inkişafına xidmət etməyin, dövlətə və xalqa sədaqətin, milli-mənəvi dəyərlərin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.

Tədbir şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi, onların qəhrəmanlıq yolunun gənc nəsillərə ötürülməsi və Vətənə sədaqət duyğularının möhkəmləndirilməsi çağırışları ilə yekunlaşıb.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox