Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-31 12:10:07
Lisey və gimnaziyaların rəhbər və pedaqoji heyəti ilə təlimlər keçirilib    

29-30 yanvar 2024-cü il tarixlərində Şəmkir şəhər Kimya, biologiya təmayüllü liseydə Mərkəzi imtahanla qəbul həyata keçirilən bir sıra lisey və gimnaziyaların rəhbər və pedaqoji heyəti ilə nəzəri və praktik təlimlər keçirilib.

 

Bu barədə ARTİ-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, “Lisey və gimnaziyalarda çalışan işçi heyətinin peşəkar inkişafı” adlı təlimdə pedaqoji heyət ilə bərabər, məktəb rəhbərliyi də iştirak edib. İlk öncə Azərbaycan Respublikasının Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov tədbir iştirakçılarını salamlayaraq, görüşün məqsədi barədə qısa təqdimat edib. Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev bu cür görüşlərin vacibliyi və əhəmiyyətini vurğulayıb.

 

Görüşdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllim peşəsinin aliliyi, lisey və gimnaziyalarda idarəetmə, təlim-tərbiyə prosesi barədə danışıb və inkişaf perspektivləri haqqında tövsiyələr verib. 2 gün ərzində müəllimlərə ekspertlər tərəfindən müxtəlif fənlər üzrə müzakirəli seminarlar, asudə vaxtlarda təlim iştirakçıları üçün sosial fəaliyyətlər təşkil edilib.

 

Xatırladaq ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimin məqsədi rəhbər və pedaqoji heyətin rolunun qiymətləndirilməsi, eyni zamanda bu prosesin keyfiyyətinin daim inkişaf etdirilməsi üçün dəstək verməkdir.