https://www.zirve.edu.az/
19.03.2018 11:21
Azərbaycanda ”Vikipediya”ya dair ilk dissertasiya işi müdafiə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda dissertasiya şurasının növbəti iclası keçirilib.

AzEDU.az AMEA-ya istinadən xəbər verir ki, iclas institutun sektor müdiri İradə Ələkbərova

nın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunub.

İ.Ələkbərova dissertasiya işinin məqsədi, mahiyyəti və əsas müddəalarını şərh edərək, mövzunun müasir dövrdə böyük aktuallıq kəsb etdiyini diqqətə çatdırıb. “Vikipediya” kimi nəhəng virtual layihədə real vəziyyətin qiymətləndirilməsi, nəzarəti və vəziyyəti ilə əlaqədar müvafiq qərarların qəbul edilməsi məqsədilə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsinə həsr olunmuş işin elmi yeniliyi, qoyulan məsələlərin həllində verilən yanaşmaların yüksək elmi və praktiki əhəmiyyəti haqqında ətraflı məlumat verib.

15214470214762158144_1000x669.jpg

Daha sonra elmi rəhbər, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutunda viki-tədqiqatların aparıldığını bildirib, bu tədqiqatların aparılmasının ölkə miqyasında böyük əhəmiyyətə malik məsələlərdən olduğunu vurğulayıb.

Alim mövzunun aktuallığını önə çəkərək dünyanın ən dolğun və nəhəng virtual ensiklopediyası olan “Vikipediya”nın dünya ictimaiyyətinə informasiya təsirində mühüm alətə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, müasir dövrdə viki-mühitdə informasiya müharibəsi texnologiyaları ilə əlaqədar problemlərin analizi, vikimetriyanın əsas elmi-nəzəri problemlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

AMEA rəhbərliyinin “Vikipediya”nın Azərbaycan seqmentində mövcud problemlərin həlli istiqamətində aparılan tədqiqatlara xüsusi önəm verdiyini söyləyib: “Təsadüfi deyil ki, AMEA rəhbərliyi tərəfindən “Vikipediya” ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında qərar qəbul edilib, həmin vəzifələrin icrası üçün akademiyanın bütün elmi müəssisə və təşkilatlarında viki-qrupların və İnformasiya Texnologiyaları İnstitutunda Viki Mərkəzin yaradılmasına dair göstəriş verilib”.

Alim bu məqsədlə institutda İ.Ələkbərovanın rəhbərliyi ilə viki-qrupların treninqi, vikimetrik araşdırmaların aparılması, viki-mühitdə Azərbaycanla bağlı kontentlərin monitorinqinin aparılmasına xidmət edən Viki Mərkəzin yaradıldığını diqqətə çatdırıb.

15214470213549363016_1000x669.jpg

Akademik dissertasiya işinin “Vikipediya”nın problemlərinin araşdırılması baxımından böyük əhəmiyyət kəsb edən tədqiqat işlərindən olduğunu bildirib, aparılan araşdırmaların fundamental xarakter daşıdığını önə çəkib.

Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildiriblər, təklif və iradlarını səsləndiriblər.

Müzakirələrdə çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını, iddiaçının müdafiə etdiyi mövzu üzrə geniş praktiki biliyə malik olduğunu bildiriblər, gələcəkdə bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini, əhəmiyyətli elmi nəticələrin əldə edilməsini tövsiyə ediblər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirilib və İ.Ələkbərovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Prezident yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edilib.

15214470211241520788_1000x669.jpg