Bayburt tarixi ilə bağlı araşdırmaları və yazdığı əsərlərlə tanınan araşdırmaçı-yazar Veysel Gider 75 yaşında universitet məzunu olub.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2022-ci ildə, 71 yaşında Bayburt Universitetinin Tarix ixtisasına qəbul olunan Gider dörd illik təhsilini uğurla başa vuraraq diplomunu alıb.
Tədbirdə onun sevincinə ailə üzvləri, yaxınları və dostları da şərik olublar.
Veysel Gider bildirib ki, universitetdə tələbələrə verdiyi bir konfransdan sonra onlara Tarix fakültəsində təhsil alacağına söz verib və bu vədini yerinə yetirib. Onun sözlərinə görə, ilk seçim kimi Tarix ixtisasını seçib, qəbul olunaraq təhsilinə başlayıb və bu gün məzun olmağın qürurunu yaşayır.
Gider qeyd edib ki, gənc sinif yoldaşları ilə birlikdə keçirdiyi tələbəlik illəri onun üçün unudulmaz olub. O, tələbə dostları ilə qurduğu münasibətlərin gələcəkdə də davam edəcəyinə inandığını deyib.
Veysel Giderin həyat yoldaşı da dörd il ərzində ona hərtərəfli dəstək verdiyini söyləyib. O, həyat yoldaşını hər gün məktəbə hazırladığını və məzuniyyət münasibətilə ona saat hədiyyə etdiyini qeyd edib.

Tarix sahəsinə olan marağını akademik təhsillə daha da inkişaf etdirən Veysel Gider tələbəlik illərində “Tarix Yazımında Qısa Bir Metod” adlı kitab da qələmə alıb.
71 yaşında universitet təhsilinə başlayan və 75 yaşında məzun olan Veysel Giderin hekayəsi ömürboyu təhsilin və əzmin nümunəsi kimi diqqət çəkir.