Süni intellekt sistemlərinin həyatın müxtəlif sahələrinə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırmaqda davam edir. Aydındır ki, bu prosesin səmərəli və davamlı inkişafı üçün süni intellekt sahəsində hüquqi bazanın formalaşdırılması və onun daim təkmilləşdirilməsi, müvafiq infrastrukturun yaradılması, kadr hazırlığının gücləndirilməsi və innovasiyaların sistemli şəkildə dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda süni intellekt mövzusuna xüsusi diqqət yetirərək, “Azərbaycanda süni intellektin həm inkişafı, həm də iqtisadiyyatda və texnoloji tərəqqidə tətbiqi bu gün reallıqdır və biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik” demişdir. Azərbaycanda süni intellekt sahəsinin sistemli inkişafını təmin etmək məqsədilə 19 mart
2025-ci il tarixdə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” qəbul edilmişdir. Strategiya çərçivəsində idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması, bu sahəyə məsul dövlət qurumlarının müəyyənləşdirilməsi, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi, açıq mənbəli süni intellekt kitabxanalarının yaradılması, Azərbaycan dilində süni intellekt həllərinin inkişaf etdirilməsi, və s. mühüm istiqamətlər kimi müəyyən edilmişdir. Bu istiqamətdə universitet kitabxanalarının üzərinə mühüm vəzifələr düşür. Azərbaycan dilində elektron resursların, rəqəmsallaşdırılmış kitab fondlarının və akademik məlumat bazalarının genişləndirilməsi milli rəqəmsal kontentin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Süni intellekt texnologiyalarının geniş tətbiqi təhsil sistemində də köklü dəyişikliklərə səbəb olur. Bu baxımdan ümumi və ali təhsil pillələrində kurikulumların yenilənməsi, süni intellekt və məlumat analitikası üzrə biliklərin təhsilə inteqrasiyası və bu sahədə kompetensiyalı mütəxəssislərin hazırlanması mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə süni intellekt həm tədris obyekti, həm də tədris vasitəsi kimi çıxış edir. Bir tərəfdən bu sahə üzrə yeni fənn və ixtisasların yaradılması zəruri hesab olunur, digər tərəfdən isə süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası fərdiləşdirilmiş öyrənmə mühitinin formalaşmasına, bilik səviyyəsinin operativ qiymətləndirilməsinə və tədrisin effektivliyinin artırılmasına geniş imkanlar yaradır. Beləliklə, süni intellektin effektiv tətbiqi yalnız texnoloji infrastrukturun inkişafını deyil, həm də innovativ və çevik təhsil sisteminin formalaşdırılmasını tələb edir. Məşhur amerikalı futurist, yazıçı və tədqiqatçı alim Alvin Tofflerin sözləri ilə desək, “XXI əsrin savadsızları oxuyub-yaza bilməyənlər deyil, öyrənməyi, öyrəndiyini yenidən nəzərdən keçirməyi və yenidən öyrənməyi bacarmayanlar olacaq”.
Süni intellekt texnologiyalarının ali təhsilə tətbiqi yalnız tədris proqramlarının yenilənməsi ilə məhdudlaşmır. Bu proses universitetlərin idarəetmə, elmi-tədqiqat, maliyyə, beynəlxalq əlaqələr və kitabxana sistemlərini də əhatə etməlidir. Xüsusilə kitabxana sistemlərinin rəqəmsallaşdırılması və süni intellektlə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Çünki müasir kitabxanalar informasiya resurslarının idarə olunması və elmi biliklərin yayılması üçün əsas infrastruktur elementlərdəndir. Yeni dövrdə kitabxanalar yalnız kitab saxlayan və informasiya təqdim edən məkan deyil, həm də sosial ünsiyyət, yaradıcı düşüncə və intellektual əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Bilirik ki, bu gün dünyanın qabaqcıl universitet kitabxanalarında innovasiya laboratoriyaları, media studiyaları və rəqəmsal yaradıcılıq mərkəzləri fəaliyyət göstərməyə başlayıb. Bu sahələr tələbələrin tədqiqat və layihə fəaliyyətini dəstəkləyən mühüm amillər kimi dəyərləndirilir. Süni intellekt üçün zəruri olan böyük həcmli və keyfiyyətli məlumat bazalarının formalaşdırılmasında universitet kitabxanaları mühüm rol oynayır.
Elektron kataloqların, rəqəmsal arxivlərin və açıq elmi resursların yaradılması tədris və tədqiqat prosesini gücləndirir. Müasir kitabxanaların qarşısında duran əsas vəzifələrdən biri də açıq elm prinsiplərinin dəstəklənməsidir. Açıq girişli elmi resursların formalaşdırılması, universitetlərin institusional repozitoriyalarının yaradılması və elmi nəticələrin geniş auditoriyaya əlçatanlığının təmin olunması elmi kommunikasiya sisteminin inkişafına mühüm töhfə verir. Eyni zamanda süni intellekt kitabxana xidmətlərini daha çevik və fərdiləşdirilmiş edir. Ağıllı axtarış sistemləri və virtual məsləhətçi xidmətləri, eyni zamanda tövsiyyə sistemləri istifadəçinin imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır və oxucunun maraqlarına uyğun resursların təqdim olunmasına imkan yaradır. Digər mühüm tətbiq sahəsi chatbot texnologiyalarıdır. Chatbotlar istifadəçilərin suallarını avtomatik şəkildə cavablandıran proqramlardır. Bu sistemlər istifadəçilərə kitabxananın iş rejimi, mövcud resurslar və xidmətlər haqqında operativ məlumat təqdim edir. Chatbot texnologiyaları kitabxana xidmətlərinin operativliyini artırır, rəqəmsal arxivlərin avtomatik indeksləşdirilməsinə imkan yaradır. Başqa sözlə, bu texnologiyaların tətbiqi kitabxanalarda informasiya idarəetməsini optimallaşdırır. Gələcəkdə süni intellekt texnologiyalarının kitabxana fəaliyyətində rolu daha da artacaq.
Rəqəmsal kitabxanaların inkişafı, böyük məlumat bazalarının analizi və avtomatik mətn emalı bu sahənin səmərəliliyini yüksəldəcək. Məlumdur ki, süni intellekt texnologiyaları elmi tədqiqatların aparılmasında da mühüm rol oynayır. Bu baxımdan elektronlaşmış kitabxana bazasından istifadə etməklə elmi məlumatların toplanması, təhlili və sistemləşdirilməsində də süni intellektin yarada biləcəyi imkanlar əvəzolunmazdır. Bununla belə, süni intellekt texnologiyalarının kitabxana sisteminə tətbiqi bir sıra problemlərlə müşayiət olunur. Bunlara texniki infrastrukturun zəifliyi, kadr hazırlığındakı çatışmazlıqlar və məlumat təhlükəsizliyi məsələləri daxildir. Bununla yanaşı, süni intellekt sistemlərinin istifadəsində etik prinsiplərin qorunması, müəllif hüquqları, şəxsi məlumatların məxfiliyi və akademik dürüstlük məsələləri də xüsusi diqqət tələb edir. Yeni şəraitdə kitabxanalar etibarlı və təhlükəsiz rəqəmsal informasiya mühitinin formalaşdırılmasında mühüm institusional rol oynayacaqdır.
Xüsusilə kitabxana əməkdaşlarının rəqəmsal savadlılıq, məlumat analizi, etik yanaşma və texnoloji adaptasiya bacarıqlarına malik olması vacibdir. Bu keyfiyyətlər kitabxanaçını ənənəvi “kitab qoruyucusu” rolundan çıxararaq, informasiya analitiki və rəqəmsal mühitin idarəedicisinə çevirəcəkdir. Bir sözlə, yeni şəraitdə kitabxanaçı ənənəvi bacarıqlarla yanaşı həm də rəqəmsal və texnoloji savadlılıq, informasiya idarəetməsi və təhlili, tənqidi düşünmə və etik yanaşma, kommunikasiya və istifadəçi yönümlü xidmət, davamlı öyrənmə və uyğunlaşma və s. kimi keyfiyyətlərə də malik olmalıdır. Süni intellekt texnologiyalarının effektiv tətbiqi üçün texnoloji infrastrukturun inkişafı, kadr hazırlığı və məlumat təhlükəsizliyinin təmin olunması əsas şərtlərdir. Bu amillər nəzərə alınmadan dayanıqlı inkişaf mümkün deyil. Bu gün Lənkəran Dövlət Universitetinin Elmi Kitabxanasında elektron kitabxana sisteminin tətbiqi istiqamətində işlər aparılır. Sistem axtarış və naviqasiya modulları, istifadəçi aktivliyinin monitorinqi, elmi resursların reytinq analizi və digər funksiyalarla zənginləşdirilmişdir.
Eyni zamanda virtual kitabxanaçı, bibliometrik analiz, avtomatik indeksləşdirmə, plagiatın aşkarlanması və “ağıllı universitet kitabxanası” kimi modulların inteqrasiyası istiqamətində işlər davam etdirilir. Beləliklə, müasir dövrdə kitabxanalar yalnız tələbə və müəllimlər üçün deyil, bütövlükdə cəmiyyət üçün ömürboyu təhsil platforması funksiyasını yerinə yetirməlidir. Rəqəmsal savadlılıq, süni intellekt alətlərindən istifadə, akademik yazı və məlumat axtarışı üzrə təlimlərin təşkili kitabxanaların ictimai rolunu daha da gücləndirə bilər. Nəticə etibarilə demək lazımdır ki, süni intellekt texnologiyalarının kitabxana sistemlərinə tətbiqi və rəqəmsal transformasiya prosesləri müasir informasiya cəmiyyətinin əsas inkişaf istiqamətlərindən birinə çevrilməkdədir. Hazırkı mərhələdə süni intellekt əsaslı həllər kitabxanalarda məlumatların avtomatik emalı, elektron resursların idarə olunması, istifadəçi xidmətlərinin fərdiləşdirilməsi və informasiya axtarışının optimallaşdırılması kimi sahələrdəgeniş tətbiq olunur. Bununla yanaşı, texnoloji infrastrukturun məhdudluğu, kadr potensialının inkişaf etdirilməsi, məlumat təhlükəsizliyi və etik məsələlər kimi müəyyən problemlər də aktuallığını qorumaqdadır. Perspektiv baxımdan qiymətləndirildikdə isə, süni intellektin inkişafı kitabxanaların ənənəvi informasiya mərkəzlərindən intellektual, adaptiv və istifadəçi yönümlü rəqəmsal ekosistemlərə transformasiyasını sürətləndirəcəkdir. Gələcəkdə ağıllı kitabxana modellərinin, böyük verilənlərin analitik imkanlarının və proqnozlaşdırıcı sistemlərin tətbiqi kitabxana xidmətlərinin keyfiyyətinin yüksəlməsinə, elmi biliklərin əlçatanlığının genişlənməsinə və rəqəmsal cəmiyyətin formalaşmasına mühüm töhfələr verəcəkdir.
Ənvər Şahqubadbəyli
İnformasiya, kommunikasiya və Kitabxana Mərkəzinin direktoru.