“Çalışan insan üçün suallar həmişə asandır”.
AzEdu.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında 55 bal toplayan 73 nömrəli məktəbin rus dili müəllimi Aysel Qurbanova deyib.
Müəllim sertifikatlaşdırma prosesində ilk dəfə iştirak etdiyini və imtahandan razı qaldığını bildirib:
“İmtahan çox şəffaf keçdi. Burada iştirak etmək mənim üçün xoş oldu. Heç bir texniki problemlə qarşılaşmadım”.
Sualların səviyyəsinə münasibət bildirən A.Qurbanova onların qənaətbəxş olduğunu vurğulayıb:
“Suallar çox yaxşı idi. Çalışan insan üçün suallar həmişə asandır”.
Dörd ildir pedaqoji fəaliyyət göstərdiyini deyən müəllimə imtahana müstəqil şəkildə hazırlaşdığını qeyd edib.
A.Qurbanovanın sözlərinə görə, sertifikatlaşdırma müəllimlərin biliklərini yeniləməsinə və öz üzərlərində işləməsinə imkan yaradır:
“Bəzi mövzular zamanla unudulur. Hazırlıq prosesində həmin mövzuları yenidən təkrarlayırıq. Təkrarladıqca insan daha da təkmilləşir, biliklərini yeniləyir”.
Müəllimə əməkhaqqı artımının da müəllimlər üçün əlavə motivasiya yaratdığını bildirib:
“Bu, müəllimlər üçün mühüm motivasiya mənbəyidir. Belə təşəbbüslərin göstərilməsi və müəllim əməyinin qiymətləndirilməsi sevindirici haldır”.