Azedu.az

Təhsildə həyəcan siqnalı: Cənub bölgəmizdə nəticələri gerilədən SƏBƏBLƏR

Müəllimlər və elm adamları

4 İyun 2026, 10:46
Təhsildə həyəcan siqnalı: Cənub bölgəmizdə nəticələri gerilədən SƏBƏBLƏR

Son illərdə Azərbaycanda təhsil sahəsində aparılan qiymətləndirmələr və sertifikasiya imtahanlarının nəticələri regionlar üzrə fərqlilikləri üzə çıxarıb.

Elm və təhsil naziri çıxış etdiyi brifinqlərin birində qeyd edib ki, sertifikasiya imtahanlarında ən zəif nəticələr əsasən Lənkəran-Astara iqtisadi rayonu üzrə müşahidə olunub.

Eyni zamanda, statistik məlumatlar göstərir ki, regionlar üzrə təhsil səviyyəsi baxımından ən aşağı göstəricilər Cəlilabad (5,3 faiz), Ucar (5,9 faiz), Hacıqabul (6 faiz), Sabirabad (6 faiz) və Xaçmaz (6,2 faiz) rayonlarında qeydə alınıb. 

Bəs, görəsən, Cənub bölgəsində təhsil göstəricilərinin aşağı olmasının səbəbləri nədir? 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Vasif Qafarov bildirib ki, bölgədə təhsil göstəricilərinin aşağı olmasının əsas səbəblərindən biri müəllim çatışmazlığıdır:

184428

"Xüsusilə riyaziyyat, fizika, kimya, biologiya və xarici dillər kimi əsas fənlər üzrə ixtisaslı pedaqoqların azlığı tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Bununla yanaşı, müəllimlərin davamlı peşəkar inkişaf imkanlarının məhdud olması onların müasir tədris metodlarını və yenilənmiş kurikulum tələblərini mənimsəməsini çətinləşdirir.

Digər mühüm amillərdən biri bəzi müəllimlərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bacarıqlarının kifayət qədər inkişaf etməməsidir. Müasir təhsil mühitində rəqəmsal alətlərdən səmərəli istifadə vacib şərtlərdən hesab olunur. Bu bacarıqların zəif olması həm tədrisin keyfiyyətinə, həm də sertifikasiya imtahanlarının nəticələrinə mənfi təsir göstərir.

Ucqar kənd məktəblərində metodiki dəstəyin məhdudluğu da problemləri dərinləşdirən amillərdəndir. Müəllimlərin yeni metodik yanaşmalar, qiymətləndirmə mexanizmləri və tədris resursları ilə təminatında mövcud boşluqlar onların peşəkar fəaliyyətinə mənfi təsir göstərir. Eyni zamanda, yüksək dərs yükü müəllimlərin öz üzərində işləmək və peşəkar inkişaf üçün vaxt ayırmaq imkanlarını məhdudlaşdırır.Sertifikasiya modelinə uyğun hazırlıq təcrübəsinin az olması da aşağı nəticələrin əsas səbəblərindən biri kimi qiymətləndirilir. Bir çox müəllim yeni qiymətləndirmə mexanizmlərinə uyğun hazırlıq imkanlarından tam yararlana bilmədiyindən imtahanlarda gözlənilən nəticələri əldə etməkdə çətinlik çəkir".

Xüsusilə Lerik rayonunda vəziyyət daha kəskin xarakter daşıyır:

"Hazırda rayonda təxminən 400-ə yaxın müəllim vakansiyası mövcuddur. Ən böyük ehtiyac isə riyaziyyat, fizika, kimya, biologiya və xarici dillər üzrə ixtisaslı müəllimlərin təmin olunması ilə bağlıdır. Bir çox məktəblərdə bu fənnləri qeyri-ixtisas müəllimləri tədris edir. Bu çatışmazlıq həm tədris prosesinin təşkilinə, həm də şagird nailiyyətlərinə mənfi təsir göstərir.

Mövcud vəziyyətin yaxşılaşdırılması üçün bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi vacibdir. İlk növbədə vakant müəllim yerlərinin operativ şəkildə doldurulması təmin edilməlidir. Bununla yanaşı, müəllimlərin davamlı peşəkar inkişaf proqramlarına daha geniş şəkildə cəlb olunması, İKT bacarıqlarının gücləndirilməsi, gənc və ixtisaslı müəllimlərin regionlarda çalışmağa təşviq edilməsi mühüm əhəmiyyət daşıyır.Eyni zamanda, ucqar məktəblərə metodiki dəstəyin artırılması, müəllimlər üçün mentorluq və təcrübə mübadiləsi proqramlarının genişləndirilməsi, sertifikasiya imtahanlarına hədəfli hazırlıq təlimlərinin təşkili vacib addımlar sırasındadır.

Bu tədbirlərin həyata keçirilməsi Cənub bölgəsində təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin peşəkarlıq səviyyəsinin artmasına və ümumilikdə təhsil nəticələrinin yaxşılaşmasına mühüm töhfə verə bilər.
Təhsil sahəsində regionlararası fərqlərin aradan qaldırılması yalnız müəyyən bir bölgənin deyil, bütövlükdə ölkənin insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən Cənub bölgəsində mövcud problemlərin həlli istiqamətində sistemli və davamlı tədbirlərin görülməsi günün vacib məsələlərindən biri olaraq qalır".

AzEdu.az Təhsil Portalının icraçı direktoru Elmin Nuri qeyd edib ki, istər Dövlət İmtahan Mərkəzinin hər il imtahanlardan sonra təqdim etdiyi elmi-statistik hesabatda, istərsə də, Elm və Təhsil Nazirliyinin müəllimlərin sertifikatlaşıdırılması müsabiqəsinin nəticələrinə həsr olunan datalarında məzmunca bir-birinə yaxın nəticələri görürük:

184430

"Məsələn, Elm və təhsil naziri tərəfindən keçirilən brifinqlərin birində ən zəif nəticələrin Lənkəran-Astara Təhsil Regioununa aid olduğunu bildirib. Həmçinin, təhsil səviyyəsi üzrə ən aşağı göstəricilərə malik rayonlar sırasında da Cənub bölgəsinin adı ön sıralarda yer alır. Adıçəkilən hər iki fakt rəsmi statistikalarda öz əksini tapıb; hər hansı proqnozu, yaxud, qeyri-rəsmi mövqeni əks etdirmir. Elə məsələnin acınacaqlı tərəfi də budur. Cənub bölgəsinə, onun intellektə hər zaman hörmətlə yanaşan mühitinə və təhsilə yanaşmasına bələd bir insan kimi bu cür hallar məni çox məyus edir.

Bəli, cənub bölgəsinin günümüzə aid təhsil uğurları da az deyil. Respublika və beynəlxalq fənn olimpiadalarında o regioana aid şagirdlərin uğurlu çıxışına demək olar, hər il rast gəlirik. Hazırda cənub bölgəsinə aid məktəbdən birbaşa dünyanın TOP universitetlərinə qəbul əldə edən məktəblilər də var. Bu kimi faktların sayını artıra da bilərik. Amma görünən odur ki, rəsmi statistik hesabatlar tək-tək uğurlara görə yox, ümumi vəziyyətə görə hazırlanır.  Amma burada problemi səsləndirməkdən də çox onların həlli yolu ilə bağlı təkliflərlə çıxış etmək daha məntiqlidir".

Birincisi, təhsilin keyfiyyətini aşağı salan detallar xüsusi araşdırılmalı və qruplaşdırılmalıdır:

"Məsələn, şəxsən mənim üçün də maraqlıdır: Lənkəran-Astara Regionuna aid aşağı göstəricilərin yaranmasına səbəb olan 10 ən ciddi detal nədir? Axı nə baş verir və nələr dəyişmir ki, bu gedişat hələ də olduğu yerində qalır?! Axı həmin regionda, məxsusi olaraq Lənkərana aid elə məktəblər olub ki, onların bir illik nəticələri başqa rayonların ən azı 20 məktəbinin göstəricisinə bərabər olub. Lakin biz hazırda cənub regionu ilə bağlı ürəkaçmayan rəsmi statistikaları görürük. İlk növbədə bu səbəblər kompaktlaşmalı və onlardan çıxış yolu ilə bağlı zəruri proqram paketi hazırlanmalıdır. 

Məsələn, tutaq ki, adıçəkilən regionda təhsilə zərbə vuran əsas səbəblərdən biri şagirdlərin erkən yaşda məktəblən uzaqlaşdırılması və hazırlıq zəncirinin əksər hallarda qırılmalısıdır. Sırf bu detalı problem kimi dəyərləndirib, ancaq onun üzərindın düşünmək lazımdır. “Nə etmək olar ki, şagirdlərin təhsildən yayınma hallarına son qoyulsun?” - prinsipi əsasında xüsusi layihələr həyata keçirilməlidir. Sırf bu istiqamətdə təhsil resurslarına,media və QHT subyektlərinin də dəstəyi lazımdır.

İkincisi, müəllim keyfiyyəti. Təəssüf ki, regionun təhsil göstəricisi təkcə iri şəhərlərdə yerləşən məktəblərə görə deyil, həm də ucaqarlarda yerləşən kənd məktəblərinə görə hesablanır. Artıq uzun illərdir ki, məhz həmin məktəblərin bir çoxusunda səriştəli müəllim problemi yaşanmaqdadır. Madam ki, durumlarda hər hansı ciddi dəyişiklik yox, madam ki, elmi-statistik təhlillərdə vəziyyət  olduğu kimidirsə, o zaman həmin kiçik məktəbləri vahid məktəb çətiri altında toplamaq olar. Amma bir şərtlə ki, həmin məktəbə cəlb olunan müəllimlər də keyfiyyətlilik, bilik-bacarıqlarına görə xüsusi fərqlənsinlər. Təəssüf ki, bu işlərə hələ start da verilməyib.

Təhsil göstəriciləri aşağı olan region , oradakı məktəblər üçün əlavə olaraq dəstək xarakterli əlavə proqram hazırlanmalı və şagirdlər vahid proqramla yanaşı, həm də sırf onlar üçün nəzərdə tutulan xüsusi tədris planından yararlanmalıdırlar. Dediyim kimi, bu istiqamətdə təxirəsalınmaz şəkildə əlavə  işlər görülməzsə, xüsusi proqramlardan istifadə edilməzsə, biz nəticələrin yenə də dəyiişməyəcəyini görəcəyik”.

Astara rayon Şahağacı kənd orta məktəbinin ingilis dili müəllimi Babək Rzazadə bir müəllim kimi bu vəziyyətdən təsirləndiyini bildirib:

184437

"Bunun əsas səbəblərindən biri, bölgəmizdə ibtidai sinif müəllimlərinin roludur. Mən fənn fərqlərinə baxmıram, amma statistikaya görə, ibtidai sinif müəllimlərinin payı böyükdür. Niyə belədir? Çünki Astara Pedaqoji Kolleci və digər kolleclərin məzunları bu bölgədə işləyirlər. Nazirimiz də qeyd etdiyi kimi, həmin kollecdən məzun olan müəllimlərin bir çoxu nəticə göstərə bilməyib. Bu, kollecin təhsil səviyyəsi ilə bağlıdır. Həmin vaxt kollecdə verilən təhsil kifayət qədər uğurlu olmayıb.

Amma bu əlbəttə ki, bütün müəllimlərə aid deyil. Mən tanıdığım, Astara Kollecinin məzunları olan və yüksək nəticələr göstərmiş müəllimlər də var. Onlar 50 baldan yuxarı bal toplayaraq rayonun ən seçilən müəllimləri sırasına daxil olublar. Bu, müəllimin şəxsi səyindən və üzərində çalışmasından asılıdır.

Ümumilikdə isə Astara Kollecinin payı statistikada zəif nəticələrin əsas səbəblərindən biridir. Eyni vəziyyət ingilis dili müəllimləri üçün də keçərlidir. Xarici dil müəllimləri daha yüksək hazırlıq tələb edən fəndir və onların yaxşı nəticə göstərməsi üçün ali və ya orta ixtisas təhsilini yüksək səviyyədə mənimsəməsi vacibdir.

Digər bir səbəb müəllimlərin üzərində yetərincə çalışmamasıdır. Astara və Lerik kimi ucqar bölgələrdə hər müəllim işləmir. Bu isə zəif müəllimlərin əlində qalan məktəblərin vəziyyətinə təsir edir. Ucqar kəndlərdə müəllimlərin dövriyyəsi yüksəkdir, bəzi müəllimlər bir-iki il işləyib gedir, yerli müəllim isə üzərində işləməyə çox da həvəsli olmur. Valideyn tələbinin azlığı və şagirdlərin məktəbə davamiyyətinin zəifliyi də bu vəziyyəti daha da ağırlaşdırır.

Gələcəkdə Nazirliyin çalışdığı istiqamət, ucqar bölgələrə daha yaxşı müəllimlərin cəlb edilməsidir. Ümumiyyətlə, müəllimlik fədakarlıq tələb edən bir peşədir. Fədakar müəllim sertifikasiyadan uğurla keçə bilir. Sertifikasiyanın özü çox çətin deyil. Əsas məsələ müəllimin üzərində çalışmasıdır.

Beləliklə, zəif nəticələrin iki əsas səbəbi var: birincisi, Astara Pedaqoji Kolleci və digər kolleclərin təhsili; ikincisi isə ucqar bölgələrdə işləmiş, üzərində çalışmayan müəllimlərin vəziyyətidir. Bu amillər statistikada aşağı nəticələrin yaranmasına təsir göstərir".

Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!
Son xəbərlərDaha çox