Azedu.az

Abituriyentlər diqqətli olun! - Bu ixtisaslar sizi işsiz QOYMAYACAQ

İmtahanlar və qəbul məsələləri

17 İyun 2026, 14:17
Abituriyentlər diqqətli olun! - Bu ixtisaslar sizi işsiz QOYMAYACAQ

İxtisas seçimi mərhələsinin başlamasına çox az vaxt qalıb. Bu dövr həm abituriyentlər, həm də valideynlər üçün mühüm qərarların verildiyi mərhələ hesab olunur.

Bəs hazırda əmək bazarında hansı ixtisaslara tələbat azalıb? Hansı istiqamətlər gələcək karyera baxımından daha perspektivli sayılır? Son illərdə maraq artan regionşünaslıq ixtisasının perspektivləri necə qiymətləndirilir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb.

Perspektivli hesab etdiyi sahələrdən biri kənd təsərrüfatı yönümlü ixtisaslardır:

“İxtisaslaşma dövrü insan həyatının ən həlledici və vacib mərhələlərindən biridir. Çünki bu mərhələdə gələcək həyat yolunu müəyyənləşdirən mühüm qərar verilir. Bu isə sıradan bir yanaşma tələb etmir.

Ona görə də ilk növbədə abituriyentlər qərar verməzdən əvvəl ya əmək bazarını araşdırmalı, ya da mütəxəssislərin rəyinə müraciət etməlidirlər. Burada valideynlərin də rolu və əhəmiyyəti böyükdür. Xüsusilə də uzun illər təhsil sahəsində çalışan mütəxəssislər hansı ixtisasların mövcud əmək bazarına uyğun olduğunu və gələcəkdə daha çox əhəmiyyət kəsb edəcəyini daha düzgün qiymətləndirə bilirlər.

Bu istiqamətdə şagirdlərə müəyyən tövsiyələr verilir. Təbii ki, şəxsi maraq və bacarıqlar da müəyyən qədər təsir göstərir. Amma əsas məsələ əmək bazarının tələbatıdır. Ola bilər ki, hansısa istiqamətə şəxsi maraq olsun, lakin əmək bazarında həmin sahə üzrə fəaliyyət göstərmək və karyera qurmaq çətin olsun. Ona görə də yaxşı olar ki, əmək bazarının tələbatı ilk növbədə nəzərə alınsın”.

Ekspertin sözlərinə görə, süni intellekt və rəqəmsal texnologiyaların inkişafı yaxın illərdə bəzi peşələrə ciddi təsir göstərəcək:

“Daha perspektivli hesab etdiyim sahələrdən biri kənd təsərrüfatı yönümlü ixtisaslardır. Çünki dünyanın əksər ölkələrində bu sahədə kadr çatışmazlığı mövcuddur. Eyni ehtiyac bizim ölkəmizdə də hiss olunur. Texnologiyalar kənd təsərrüfatının bütün istiqamətlərini tam şəkildə əvəz edə bilmir. Buna görə də bu sahədə peşəkar mütəxəssislərə ehtiyac qalmaqdadır. Bu baxımdan ilk növbədə kənd təsərrüfatı sahələrinə üstünlük vermək məqsədəuyğundur ki, məzunlar daha tez əmək fəaliyyətinə başlaya bilsinlər.

İkinci növbədə isə texnologiya istiqamətli ixtisaslara üstünlük verilməlidir. Buraya data analitikası, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi kompüter elmləri kimi ixtisaslar daxildir.

Bundan əlavə, iqtisadiyyat, maliyyə biznesin idarə olunması sahələri də perspektivli istiqamətlər hesab olunur. Eyni zamanda pedaqoji ixtisaslara da üstünlük vermək lazımdır. Çünki bu sahələr hazırda risk altında deyil və gələcəkdə də əmək bazarında iş imkanları mövcud olacaq.

Amma süni intellekt tərəfindən əvəz oluna biləcək ixtisaslara gəldikdə, artıq bəzi operator vəzifələrinin süni intellekt vasitəsilə yerinə yetirilməsi mümkündür. Dizayn sahəsində də süni intellektin imkanları sürətlə genişlənir və artıq bir çox işləri yerinə yetirə bilir. Ümumilikdə elə sahələr var ki, süni intellekt və rəqəmsal texnologiyalar yaxın gələcəkdə həmin istiqamətlərə ciddi təsir göstərəcək. Buna görə də abituriyentlər ixtisas seçimi zamanı bu amilləri mütləq nəzərə almalıdırlar”.

Ekspert regionşünaslıq ixtisasının perspektivlərinə də toxunub:

Regionşünaslıq ixtisası müxtəlif regionlar və ölkələr üzrə kadr hazırlığını həyata keçirir. Burada əsasən xarici işlər, səfirlik və konsulluq istiqamətləri üzrə mütəxəssislər hazırlanır. Təbii ki, öz üzərində çalışan və ixtisasını mükəmməl səviyyədə mənimsəyən şəxslər gələcəkdə əmək bazarında bu istiqamətdə iş tapmaq və fəaliyyət göstərmək imkanı qazana bilirlər. Yəni kadr seçimi üzrə keçirilən imtahanlarda və digər müvafiq seçim mərhələlərində iştirak edərək əmək fəaliyyətinə başlaya bilirlər.

Düzdür, bu ixtisas bəzi digər istiqamətlər qədər perspektivli hesab olunmaya bilər. Lakin yenə də özünü inkişaf etdirən və peşəkar səviyyəyə yüksələn şəxslər əmək bazarında iş tapmaq imkanına malik olurlar”.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox