Bu gün ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır. Bu il ilk dəfə olaraq Tarix, Texnologiya, Musiqi, Təsviri incəsənət və Fiziki tərbiyə fənləri də prosesə daxil edilib.
Ümumilikdə 23 mindən çox təhsilverən 19 şəhərdə fəaliyyət göstərəcək 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək.
AzEdu.az imtahanda iştirak edəcək müəllimlərə kömək məqsədi ilə sertifikasiyadan yüksək nəticə əldə etmiş müəllimlərdən yüksək balın sirrini və müəllimlərin imatahan zamanı ən çox etdiyi səhvlər barədə məlumat alıb.
"İlin gənc müəllimi" müsabiqəsinin qalibi, riyaziyyat müəllimi Natəvan Fərzəliyeva qeyd edib ki, ömrünü bu peşəyə həsr edən, hər gün sinfə girib dərs deyən bir müəllim üçün sertifikasiya, əslində, keçilməz bir sədd olmamalıdır:
"Bu gündən etibarən imtahan həyəcanı yaşayacaq bütün həmkarlarıma ürəkdən uğurlar arzulayıram. Öz təcrübəmə gəldikdə, mən bu yoldan iki dəfə keçmişəm - birində 51, o birində isə 55 bal toplamışam. Prosesi içəridən bilən, o stulda əyləşən biri kimi tam səmimi deyə bilərəm ki, ömrünü bu peşəyə həsr edən, hər gün sinfə girib dərs deyən bir müəllim üçün sertifikasiya, əslində, keçilməz bir sədd olmamalıdır. Amma nədənsə hər il eyni mənzərə ilə qarşılaşırıq. Müəllimlərin istər imtahandan əvvəl, istərsə də suallarla üz-üzə qalanda ən çox etdiyi səhvləri bir yerə toplamaq istədim. Baxaq, bizi yolumuzdan saxlayan əsas məqamlar hansılardır?
İndi elə bir tendensiya yaranıb ki, imtahanın adı gələn kimi hamı kütləvi şəkildə kurikulum və ya ixtisas hazırlıqlarına, repetitor qruplarına qaçır. Şəxsən mən heç bir kursa getməmişəm, buna ehtiyac da duymamışam. Axı hər gün şagird qarşısına çıxan, proqramı mükəmməl bilən peşəkar bir müəllimin sertifikasiyadan keçmək üçün sıfırdan hazırlıq axtarması, açığı, onun illərlə qazandığı nüfuzuna və təcrübəsinə bir az kölgə salır. Bu imtahan bizim gündəlik əməyimizin, savadımızın güzgüsüdür; onu hansısa kursun bir neçə aylıq şablon proqramında axtarmaq bəri başdan uduzmaq deməkdir. Müəllim, ilk növbədə, öz bazasına və gücünə inanmalıdır".
Bizim müəllimlərin ən böyük problemi suallara həddindən artıq akademik, bir az da qorxu ilə yanaşmalarıdır:
"Xüsusən də metodika suallarında başlayırlar kitab cümlələrini, əzbərlədikləri tərifləri nöqtə-vergülünə qədər xatırlamağa. Səhv də elə burda başlayır. Müəllim suala real sinifdəki təcrübəsi və sağlam məntiqi ilə yox, kurslarda beyninə yeridilən o quru qəliblərlə cavab axtarır. Halbuki qarşınıza çıxan situasiyaların demək olar ki, hamısı hər gün məktəb dəhlizlərində, siniflərdə qarşılaşdığımız canlı mühitdir. Sadə bir məsələni çətinləşdirmək elə ən çox bal aparan səbəbdir.
Sertifikasiyanı dünyanın sonu kimi qəbul edəndə konsentrasiya deyilən şey tamamilə yoxa çıxır. Həyəcan adamı elə bir nöqtəyə gətirir ki, ən sadə, bircə anlıq diqqət yetirsən göz deşən sualda belə elementar səhvə yol verirsən. İki dəfə o zalda əyləşən biri kimi əminliklə deyirəm: itirilən balların çoxu bilməməkdən yox, məhz o lüzumsuz panikadan və vaxtı düzgün bölüşdürə bilməməkdən gedir.
Həmkarlarıma tək məsləhətim odur ki, kənar şablonları bir kənara qoysunlar. Sabah o imtahan otağının qapısını açanda, sadəcə öz doğma sinifinizə, hər gün girdiyiniz o dərslərə daxil olduğunuzu xəyal edin. Özünüzə, çəkdiyiniz əziyyətə güvənin. Çünki ən yaxşı hazırlıq elə sizin illərlə o lövhə qarşısında qazandığınız təcrübədir".
"Örnək müəllim", informatika müəllimi Birliyant Aslanova bildirib ki, imtahan zamanı ən vacib detallardan biri hər hansı bir çətin sualla həddindən artıq fokuslanmamaqdır:

"Hər zaman vurğuladığım kimi, məncə, sertifikasiya imtahanı çox lazımlı bir prosesdir. Çünki bir müəllim olaraq öz üzərimizdə çox işləyirik, eləcə də sertifikasiyada bilik və bacarığımız yoxlanılır. Daha sonra müsahibə mərhələsində biz müəllimlər güzgünün qarşısında oturaraq öz-özümüzü təqdim etməyimizi, fikrimizi qarşı tərəfə daha yaxşı ötürə bilməyimizə görə sertifikasiya imtahanını çox vacib bilirəm.
Hər bir həmkarıma qarşıdakı günlərdə gələn imtahanlarda uğurlar arzulayıram. Düşünürəm ki, onlar bacaracaqlar, hər şey yaxşı olacaq. Sadəcə olaraq, ümumiyyətlə, hər imtahanın özünün bir həyəcanı olur. Məncə də, bu həyəcan məsuliyyətdən irəli gəlir. Vaxtımızı düzgün bölməliyik. Ən vacib detallardan birisi odur ki, hər hansı bir çətin sualla qarşılaşdıqda onun beynimizi kilidləməyinə icazə verməməliyik. Çünki ola bilər ki, qarşımıza bilmədiyimiz hər hansı bir sual çıxsın və ondan sonrakı da çətin gəlsin. Bu o demək deyil ki, biz heç nə bilmirik. Biz sadəcə soyuqqanlı şəkildə o sualları adlamalıyıq, növbəti suallara baxmalıyıq və bilməliyik ki, biz bacaracağıq. İnsan bilmədiyi bir sualla qarşılaşanda sanki özündə bir inamsızlıq, özgüvənsizlik yaranır ki, mən bunu bacarmıram, mən bunu bilmirəm. Saatlarla onun üzərində durub fikirləşməyə heç gərək yoxdur".
Müəllimlərə tövsiyə edirəm ki, bilmədikləri, çətinlik çəkdikləri sualların üzərində çox qalmasınlar, növbəti suallara keçsinlər, özlərinə güvənli olsunlar:
"Müəllimlər özlərinə inanmalıdırlar, hər şey psixologiyadan asılıdır. Məsələn, mən imtahanda özümdən gözləyirdim ki, 50-ni keçəcəm. Evin divarlarına da bir hədəf kağızı yapışdırmışdım ki, mənim hədəfim 55-dir. Hər kəs, öz potensialını, nə yaza biləcəyini bilir. Heç kəsin məqsədi müəllimi imtahandan kəsmək deyil. Çünki çox sadə, orta məktəb proqramına əsaslanan suallardır, yəni 30-u keçmək çox bəsitdir.
Müəllimlərə tövsiyə edirəm ki, bilmədikləri, çətinlik çəkdikləri sualların üzərində çox qalmasınlar, növbəti suallara keçsinlər, özlərinə güvənli olsunlar. Hələ imtahan başlamamışdan əvvəl kompüterə bir qorxu kimi yanaşmasınlar".
"Örnək müəllim" ingilis dili müəllimi, Dürdanə Kərimovanın sözlərinə görə imtahanda stres səviyyəsini idarə etmək balın azı 10-15%-nə təsir edir:

"Hər il Təhsil İnstitutu tərəfindən təqdim olunan imtahan proqramını (çərçivə sənədini) masanızın üzərinə qoyun. Hansı mövzulardan sualların düşəcəyini dəqiq bilmək, lazımsız informasiya yükündən qorunmağın və vaxta qənaət etməyin birinci şərtidir.
İmtahan zamanı sizi çox düşünməyə məcbur edən, vaxt aparan suallar üzərində çox vaxt itirməyin. Onu ötürüb növbəti suala keçin və sonda vaxtınız qalanda həmin suala geri qayıdın. Yüksək balın yarısı bilikdirsə, yarısı da soyuqqanlılıq və özünəinamdır.
İmtahan zalına daxil olduğunuz an stres səviyyənizi idarə etmək balımızın azı 10-15%-nə təsir edir. Unutmayın ki, qarşılaşacağınız suallar sizin hər gün sinifdə, partalar arasında idarə etdiyiniz öyrənmə mühitinin nəzəri formasıdır. Özünüzə güvənin və prosesdən zövq alın!".
"Örnək müəllim" kimya müəllimi, Həmid Kazımzadə qeyd edib ki, sertifikasiya imtahanında müəllimlərin ən çox yol verdikləri səhv, imtahanda verilən vaxtı nəzərə almamaqdır:

"Hər hansı çətin səviyyəli tapşırığı yerinə yetirərkən onun üzərində həddindən artıq çox qalmaq, sualların çoxunu əsasən qeydlər aparmadan şifahi şəkildə həll etməyə çalışmaq bir çox nüansların diqqətdən qaçmasına səbəb ola bilər. Yüksək nəticənin sirri isə hər gün sinfə dərs keçməyə gedərkən keçiriləcək dərsə həm akademik, həm də metodiki baxımdan hazırlıqlı olmaqdır. İmtahana hazırlaşarkən isə planlı, nizamlı və disiplinli şəkildə çalışmaq, həmçinin özünə inamlı olmaq vacibdir. Düşünürəm ki, bu yanaşma nəticələrin də yüksək olmasına gətirib çıxarır".