Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
Elektron sənəd qəbulu 3-10 iyun tarixlərini əhatə edəcək.
MİQ imtahanına qeydiyyat və hazırlıq prosesinin davam etdiyi bir dövrdə sosial şəbəkələrdə yayılan bir neçə videoda bəzi müəllim namizədlərinin Bakıda müəllim kimi fəaliyyət göstərib-göstərməyəcəklərini öyrənmək üçün falçılara və "ekstrasenslərə" müraciət etdikləri görünür.
Bu görüntülər sosial mediada geniş yayılaraq ictimaiyyət tərəfindən mənfi qarşılanıb və müəllim peşəsinin nüfuzuna zərər verdiyi fikirləri səsləndirilib. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi müəllimlərin ümidi öz biliklərinə yox, falçılara qalıb.
Maraqlıdır, bu cür davranışlar müəllim peşəsinin cəmiyyətdəki nüfuzuna necə təsir göstərir və gələcəkdə bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.
Yaxşı olar ki, MİQ imtahanında müəllimlərin dünyagörüşü də yoxlanılsın:
"Son günlər sosial şəbəkədə yayılan həmin müəllimliyə namizədin bir baxıcıdan imdad diləməsi, gələcək fəaliyyətinin harada olacağını axtarması ilə bağlı idi. Təəssüf ki, hələ də müəllim adına iddia edən belə şəxslər var. Yaxşı olar ki, müəllimlərin işə qəbulu imtahanında və sənədlərin qəbul mərhələsində müəllimlərin dünyagörüşü də yoxlanılsın.
Yəni hər kəs imtahan versin və nəticəyə əsasən vakansiyalar təmin olunsun. Ola bilər ki, MİQ imtahanında yaxşı nəticə göstərsə də, kimsə mərkəzi yerlərdə deyil, ucqar bölgələrdə işləməyə məcbur olsun. Belə olduğu halda, bu cür xarakterə və hazırlığa malik müəllimlərin sinfə daxil olub şagirdləri tərbiyə etməsi və istiqamətləndirməsi, əlbəttə ki, ürəkaçan olmaz.
Ona görə də gələcək üçün elə bir mexanizm hazırlanmalıdır ki, müəllimliyə iddia edən şəxslər müəyyən kateqoriyalardan seçilsin və onların dünyagörüşü, bilik və bacarıqları imtahandan əvvəl də müəyyən yoxlamalardan keçsin. Bu, dünya təcrübəsində də mövcuddur.
Məsələn, Amerika Birləşmiş Ştatlarında müəllimliyə namizəd olmaq üçün uzun və mürəkkəb bir prosedurdan keçmək lazımdır. Eyni hal Kanadada və Yaponiyada da var. Yəni təhsil sahəsində inkişaf etmiş ölkələrdə müəllimliyə namizədlik özü çətin bir prosesdir.
Amma bizdə, məsələn, hər il 80 minə yaxın müəllim imtahan verir, nəticədə isə cəmi 3000-4000 vakansiya təmin olunur. Yaxşı olar ki, bu proses də daha sistemli şəkildə təşkil edilsin".