Azedu.az

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir

Sertifikasiya

17 İyun 2026, 10:43
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir

Bu gündən etibarən ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikatlaşdırılması prosesinin növbəti mərhələsinə start verilib.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 115 nömrəli qərarına, eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir.

Şöbə müdiri bildirib ki, prosesin ilk günündə ölkə üzrə 13 imtahan mərkəzində 616 müəllim iştirak edir:

"Bu il ötən illərdə sertifikatlaşdırmaya cəlb olunmamış beş fənn üzrə müəllimlər ilk dəfə prosesdə iştirak edəcəklər. Bunlar tarix, təsviri incəsənət, texnologiya, musiqi və coğrafiya fənləridir. 

Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olan digər müəllimlərin də sertifikatlaşdırılması davam etdirilir. Bu gün Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, rus dili və ədəbiyyatı, eləcə də xarici dil müəllimləri prosesə cəlb olunublar. Hazırda davamiyyət 98 faiz təşkil edir",- deyə N.İsmayılbəyli vurğulayıb.

Qeyd olunub ki, sertifikatlaşdırma prosesi iyunun 25-dək davam edəcək və ümumilikdə 20 mindən çox müəllimin iştirakı nəzərdə tutulur.

Nurlan İsmayılbəylinin sözlərinə görə, proses başa çatdıqdan sonra ölkə üzrə sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin sayı 100 min nəfəri ötəcək. Sertifikatlaşdırma nəticəsində əməkhaqqına əlavələr alan müəllimlərin sayı isə 90 min nəfərə yaxınlaşacaq.

N.İsmayılbəyli vurğulayıb ki, hazırda keçirilən mərhələ test imtahanıdır:

"Sentyabr ayından etibarən müəllimlərin müsahibə mərhələsinə start veriləcək. Müsahibə mərhələsini uğurla başa vuran müəllimlər sertifikatlaşdırılmış müəllim statusu qazanaraq fəaliyyətlərini davam etdirəcəklər".

O, həmçinin qeyd edib ki, proses tam elektron formada təşkil olunur. Bu məqsədlə sistemin eyni anda qəbul edə biləcəyi istifadəçi sayı 10 mindən 22 minə çatdırılıb, imtahan mərkəzlərinin sayı isə 54-ə yüksəldilib. 

Hazırda ölkənin 23 şəhər və rayonunda imtahan mərkəzləri fəaliyyət göstərir.

Elektron sistemin üstünlüklərindən danışan N.İsmayılbəyli vurğulayıb ki, müəllimlər imtahan başa çatan kimi nəticələrini öyrənə, növbəti 15 dəqiqə ərzində isə həm doğru, həm də yanlış cavablandırdıqları suallarla tanış ola bilirlər.

Uğurlu nəticə göstərə bilməyən müəllimlərlə bağlı suala cavab olaraq şöbə müdiri bildirib ki, onlar üçün ödənişsiz təlimlər təşkil ediləcək:

"Ötən illərdə olduğu kimi, bu il də ilk cəhddə uğur qazana bilməyən müəllimlər Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunan ödənişsiz təlimlərə cəlb ediləcəklər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, onların iş yeri saxlanılmaqla bir il müddətində bu təlimlərdə iştirak etmək imkanı olacaq".

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox