Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Samux rayonu Habil Məmmədov adına Qaraağaclı qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinqlər zamanı idarəetmə, tədris prosesinin təşkili, əmək və icra intizamı sahələrində bir sıra nöqsanlar aşkar edilib.
AzEdu.az-ın Gəncə-Daşkəsən Regional İdarəsindən əldə etdiyi məlumata görə, monitorinqlər zaman müəyyən olunub ki, məktəbdə aşkar edilmiş nöqsanların aradan qaldırılması təmin edilməyib, təhsil müəssisəsinin fəaliyyətində əlavə pozuntulara yol verilib və ümumi təhsil prosesinin səmərəli təşkili ilə bağlı tələblər yerinə yetirilməyib.
Bununla əlaqədar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq Samux rayonu Habil Məmmədov adına Qaraağaclı qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru Cəmilə Rəhimova ilə bağlanmış əmək müqaviləsinə 4 iyun 2026-cı il tarixindən xitam verilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi təhsil müəssisələrində şəffaflığın, qanunvericiliyin tələblərinə riayət olunmasının və keyfiyyətli idarəetmənin təmin edilməsini daim diqqətdə saxlayır.