Bu gün sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərdən biri də Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın rus dili müəllimi Günay Məstiyeva olub.
AzEdu.az-a təəssüratlarını bölüşən müəllim imtahanın uğurlu keçdiyini bildirib:
“52 dəqiqəyə 52 bal topladım. Suallar mənə asan gəldi. Düzdür, bir qədər həyəcan var idi, amma ümumilikdə imtahan yaxşı keçdi. İmtahanda iştirak edən bütün həmkarlarıma uğurlar arzulayıram”.
G.Məstiyeva qeyd edib ki, onun üçün əsas motivasiya yüksək nəticə göstərmək və çalışdığı kollektivin uğurlarına uyğun nəticə əldə etmək olub:
“Əməkhaqqı artımından əvvəl mənim üçün əsas məsələ 50+ nəticə göstərmək idi. Çalışdığım gimnaziyada müəllimlərin əksəriyyəti yüksək nəticələr əldə edib. Özümü həmin kollektivə layiq görmək və yeni iş yerimə də yüksək nəticə ilə getmək istəyirdim”.
Müəllimə imtahana əlavə hazırlıq kursu olmadan, müstəqil şəkildə hazırlaşdığını da vurğulayıb.
O bildirib ki, imtahan zamanı ən çox vaxtını metodika sualları alıb:
“Ən çox vaxtımı metodika sualları aldı. Həmin situasiyaları təsəvvür edib düzgün yanaşmanı seçmək bir qədər vaxt aparırdı. Fənn sualları mənim üçün tanış idi, lakin metodik yanaşma tələb edən suallar üzərində daha çox düşündüm”.