Fransa hökuməti hazırda ibtidai və orta məktəblərdə tətbiq edilən mobil telefon istifadəsi qadağasını yeni tədris ilindən etibarən yuxarı siniflərə də şamil etməyi planlaşdırır.
AzEdu.az xəbər verir ki, Fransa Təhsil naziri Édouard Geffray France Info kanalında çıxışı zamanı bildirib ki, şagirdlərin diqqətinin artırılması və məktəb nizam-intizamının gücləndirilməsi məqsədilə mövcud qaydaların genişləndirilməsi nəzərdə tutulur.
Nazir “Bunun şagirdlərimiz üçün tamamilə həyati olduğunu düşünürəm” deyə vurğulayıb.
Eyni zamanda ölkədə 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə dair qanun layihəsi də müzakirə olunur. Layihə parlamentin hər iki palatasında fərqli mətnlərlə qəbul edildiyi üçün Senat və Milli Assambleyanın yekun razılığı gözlənilir. Qanunun yay aylarında təsdiqlənməsi planlaşdırılır.
Avropada və digər ölkələrdə də yetkinlik yaşına çatmayanların sosial media istifadəsinə məhdudiyyətlər artır. Böyük Britaniya 16 yaşdan aşağıların sosial şəbəkələrdən istifadəsinə dair yeni qaydaları gələn ilin əvvəlindən tətbiq etməyi planlaşdırır. Avstraliyada isə 2025-ci ilin dekabrından 16 yaşdan aşağıların sosial media platformalarına girişinə məhdudiyyət qoyulması nəzərdə tutulur.