Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi laboratoriyaları müasir standartlara cavab verən ən son texnoloji avadanlıqlarla təchiz olunub.
AzEdu.az xəbər verir ki, tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinə xidmət edən bu tədqiqat və tədris mərkəzləri arasında Daxili yanma mühərrikləri və avtomobil laboratoriyası xüsusi yer tutur. Laboratoriyada quraşdırılmış müasir avadanlıqlardan biri də “Proseslərin idarəedilməsi və avtomatlaşdırılması üzrə tam ssenarili təlim platforması” (GUNT RT 700) qurğusudur.
Bu avadanlıq mühəndislik tələbələri və sənaye mütəxəssisləri üçün hidravlik sistemlərin əsas prinsiplərinin, maye mexanikasının və hidravlik dövrələrin iş xüsusiyyətlərinin eksperimental şəkildə öyrənilməsi məqsədilə hazırlanmış universal mobil təlim stendidir. Manometrlərlə təchiz edilmiş qurğu vasitəsilə təzyiq, axın və enerji çevrilməsi prosesləri eksperimental olaraq tədqiq edilir.
İrimiqyaslı sənaye tipli bu təlim platforması avtomatlaşdırma və proses mühəndisliyi sahəsində tədris və tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub və podratçı modulu, idarəetmə konsolu, xəta simulyatoru və xidmət blokundan ibarət qapalı dövrə sistemi əsasında fəaliyyət göstərir.
Qurğu real sənaye müəssisələrinin iş prinsiplərinə uyğun şəkildə maye səviyyəsinin, axın sürətinin, temperaturun və təzyiqin idarə olunması proseslərinin, o cümlədən kaskad idarəetmə sistemlərinin öyrənilməsinə imkan yaradır. Sistem pnevmatik klapanlar, müxtəlif sensorlar və rəqəmsal universal sənaye kontrollerlərə malikdir.
Qurğunun tərkibindəki nasoslar, istilikdəyişdiricilər, elektrik qızdırıcıları və mərkəzi SCADA/proses kommunikasiya proqram təminatı vasitəsilə sistemin işə salınması, idarə edilməsi və qəza vəziyyətlərində dayandırılması prosesləri əyani şəkildə tədqiq edilir. Habelə süni yaradılmış nasazlığın diaqnostikası və aradan qaldırılması üzrə praktiki məşğələlərin aparılması mümkündür.
Müasir sənaye proseslərinin modelləşdirilməsinə imkan verən qurğu tələbələrin proseslərin idarə olunması, avtomatlaşdırma sistemlərinin layihələndirilməsi və sənaye nəzarət texnologiyaları sahəsində peşəkar bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verir. Əldə olunan bilik və bacarıqlar tikinti texnikası, metallurgiya və maşınqayırma, plastik və rezin istehsalı, aviasiya, gəmiçilik, neft-qaz, avtomobil sənayesi kimi sahələrdə geniş tətbiq olunan hidravlik sistemlərin iş prinsiplərinin mənimsənilməsinə xidmət edir.