Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-18 10:10:23
Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir

Məktəbdaxili qiymətləndirmə növlərindən biri də summativ qiymətləndirmədir. O, kiçik və böyük olmaqla iki formada aparılır və altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Hər iki summativin nəticələri şagirdlərin illik qiymətlərinin hesablanmasında nəzərə alınır.

Əgər, şagird bu qiymətləndirmədə iştirak etməzsə, jurnalda onun adının qarşısındakı xana diaqonalla iki yerə ayrılır. Surətində qaib yazılaraq məxrəci boş saxlanır.  Növbəti summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək müəllim, həmin şagirdin keçmiş summativdə iştirakı üçün şərait yaratmalı və nəticəni xananın məxrəcində qeyd etməlidir.

Summativ qiymətləndirmə təhsil sahəsində yenilik hesab olunsa da, müəyyən sui-istifadə hallarına da səbəb olub. Belə ki, summativlərin çap olunması üçün tələb olunan ödəniş ya müəllimlər, ya da şagirdlər tərəfindən qarşılanır.

Bu mövzu ilə bağlı AzEDU-ya danışan təhsil eksperti Etibar Əliyev buraxılış imtahanları olduğu halda, summativ qiymətləndirmələrə ehtiyac görmədiyini bildirib:

“Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, qiymətləndirmə standartlarının səviyyələrinə əsasən hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Təlimata görə kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır. Bu cür qiymətləndirmələr yeni kurikulumlar hazırlanarkən müəyyənləşdi. Amma təəssüf ki, milli təhsilimizin xüsusiyyətləri nəzərə alınmadı.

Qeyd edim ki, bunların məktəb üçün elə böyük əhəmiyyəti olmadı. Kiçik summativ prosesi subyektiv yanaşmaları gücləndirdi, sui-istifadə hallarını çoxaltdı. Axı Dövlət İmtaham Mərkəzi 9-11- ci siniflərdə buraxılış imtahanlarını həyata keçirdiyi halda bu cür qiymətləndirmələrə nə ehtiyac var? Müşahidələrimiz göstərir ki, Azərbaycan məktəbliləri dünyada ən çox imtahana çəkilən məktəblilərdir”.

Ekspert həm də belə qiymətləndirmələrin formal xarakter daşıdığını vurğulayıb:

“Düşünürəm ki, onların ləğvinin əks effekti olmayacaq. Uşaqları mərhələli imtahanlara çəkməklə onlarda imtahan xofunu gücləndiririk. Belə imtahanlarla həm də böyük vaxt itkisinə yol verilir. Digər tərəfdən, birmənalı olaraq söyləmək olar ki, onlar məktəblərdə formal xarakter daşıyır və uşaqların test tapşırıqlarına maraqlarını artırır”.

O,həm də bildirib ki, müəllimlər summativlər üçün pul xərcləməməlidirlər:

“Bizim orta məktəblərdə çoxsaylı direktorlar tətbiq olunan hər hansı yeniliyin maddi tərəfini düşünürlər. Summativlərlə bağlı şagirdlərdən hansısa vəsaitlərin toplanması hallarına çox təsadüf olunur. Müəllimlər bu istiqamətdə pul xərcləməməlidirlər. Bunlar məktəb üçün yaxşı hal deyil. Bizim məktəb şagirdlərinə dərsliklər pulsuz paylanılır. Müəllimlər həmin dərsliklər və özlərinin seçdikləri alternativ dərsliklər vasitəsilə fənn proqramlarının normal mənimsənilməsinə çalışmalıdırlar. Müəllimin ən böyük vəzifəsi bu olmalıdır.

Summativ qiymətləndirmədənsə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının tapşırıqları məktəbdə öyrənilməli, şagirdlərin esse yazmaq və açıq tipli test tapşırıqlarını cavablandırmaq vərdişləri gücləndirilməlidir.

Bu məsələrə məktəb rəhbərliyi səviyyəsində müzakirə olunmalı və hər bir məktəb bunlarla bağlı hesabat verməlidir”.

Lamiyə Süleymanlı