Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-08 14:21:00
Sertifikasiya və MİQ imtahanları: geyimə də baxılacaq? - RƏY  

Məlum olduğu kimi, sertifikasiya və müəllimlərin işə qəbulu müsabiqələrinin test mərhələsi keçirilib. Növbəti mərhələ isə müsahibədir. Feysbuk sosial şəbəkəsində müəllimlərin əksəriyyəti müsahibə mərhələsində geyimin də nəzərə alındığını iddia edirlər. Bəs bu nə dərəcədə doğrudur? Müsahibə mərhələsində müəllimin geyimi nəticəyə təsir göstərə bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında sosioloq - alim Əhməd Qəşəmoğlu bildirib ki, geyim hökmən nəzərə alınmalıdır:

 

“Təhsil müəssisəsində ən mühüm amillərdən biri təhsil mühitidir. Təsəvvür edin, mən müəlliməm, auditoriyaya daxil oluram və tələbə qarşımda göbəyi açıq oturub. Bu düzgündürmü? Demokratik, azad cəmiyyətdirsə, getsin, bulvarda, dənizdə necə gəzir, gəzsin. Amma auditoriyada qız tələbə elə oturanda oğlanların “gözü onda qalır”. Tutalım, bir kişi müəllim gəlir görür ki, tələbələri qarşısında lüt oturub, bu, necə dərs olacaq? Azərbayanda ən böyük problem odur ki, azadlıq, demokratiya sözünü düzgün dərk etmirlər”.

 

Sosioloqun sözlərinə görə, bəzi müəllimlər məktəbə toya gedirmiş kimi bəzənib, gəlirlər:

 

“Dərsin, tədrisin mühiti olmalıdır. Açıq-saçıqlıqdan başqa, bir orta məktəbdəki müəllim elə bəzənir, sanki indi toya gedəcək. Özünü nümayiş etdirir. Axı bu formalaşan uşaqların milli şüuruna təsir göstərir. Dünya, cəmiyyət haqqında fərqli təsəvvür yaranır”.

 

 

Ə.Qəşəmoğlu onu da vurğulayıb ki, mətbuatımızda geyimlə bağlı gedən müzakirələr qanedici deyil:

 

 

“Təhsil müəssisələrində mühitə uyğun geyim olmalıdır. Burada sırf hansısa vahid geyimdən söhbət getmir. Sadəcə geyim elə olmalıdır ki, təhsilin keyfiyyətinə müsbət təsir göstərsin. Hazırda geyim mövzusunun müzakirəsi düzgün aparılmır. Bir də görürük ki, yüksək vəzifəli şəxs də deyir, indi müasir dövrdür, kim nə istəyirsə, geyinsin. Təmamilə yanlış fikirdir. Təhsildə əsas məqsəd bilik əldə etməkdir, hər şey də buna xidmət etməlidir. Geyim mövzusu vacib məsələdir, amma mətbuatımızda gedən müzakirələr qənaətbəxş deyil. Bu, bir az savadlı və məzmunlu şəkildə aparılmalıdır”.