Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 17:31:00
Uşaq bağçalarındakı zorakılıqlara müşahidə kameraları son verəcək

Son vaxtlar uşaq bağçalarında körpələrin döyülməsi, tərbiyəçilərin bağçalarda azyaşlılara qarşı zorakı rəftarı barədə sosial şəbəkələrdə xəbərlər, videomateriallar yayımlanır. Özəl bağçaların bir çoxunda kamera sistemi mövcuddur. Özəl bağçalardan fərqli olaraq dövlət bağçalarında kamera sistemi yoxdur.

 

Maraqlıdır ki, dövlət bağçalarının inşaat planında təhlükəsizlik kameralarının quraşdırılması niyə nəzərə alınmır? Xarici təcrübədə isə bu yolverilməzdir. Hansı ölkə bağçalarını nümunə göstərə bilərik? Kameraların olmaması nə kimi fəsad yarada bilər?

 

Məsələ ilə bağlı ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının professoru, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva AzEdu.az-aaçıqlamasında bildirib ki, kamera olmayan uşaq bağçalarında tərbiyəçilərin uşaqlara mənfi münasibətləri gizli qala bilər:

"Əvvəla, uşaq bağçalarında kameralar ərazinin bütün guşələrinə nəzarət etmək üçün lazımdır, buna görə də ümumi baxışın mümkün qədər dolğun olacağı şəkildə quraşdırılmalıdır. Həmçinin, giriş-çıxışlarda uşaqların bayıra çıxıb-çıxmaması və şübhəli birinin içəri daxil olub-olmaması xüsusi olaraq izlənilir.

 

Məsələn, kamera olmayan uşaq bağçalarında tərbiyəçilərin uşaqlara mənfi münasibətləri gizli qala bilər, tərbiyəçilər və ya dayələr uşaqlara fiziki cəza verə bilər. Bəzən isə uşaqlar kiçik olduqları üçün müvazinətlərini saxlamaqda çətinlik çəkir, tez-tez yıxılıb zədələnirlər. Sonucda tərbiyəçi buna aydınlıq gətirməkdə çətinlik çəkə bilər. Pedaqoqlar, uşaqlar və onların valideynləri arasında münaqişəli vəziyyətlər ola bilir ki, onların həlli zamanı baş verənlərin hər hansı formada qeyd olunması vəziyyəti asanlaşdırır: uşağın pis davranışı, davası, tərbiyəçinin kobudluğu ilə bağlı şikayətlər, təhqirlər - bütün bunlar əldə video çəkilişlər olanda, onları təkzib etmək və ya təsdiqləmək olur”.

 

Professor Ş.Əliyeva onu da qeyd edib ki, keçmişdə tərbiyəçi də, valideyn də öz vəzifələrini gözəl bilirdi:


“Yəqin ki, yaxın keçmişdə heç kimin ağlına bu tədbirləri görmək gəlməzdi. Çünki tərbiyəçi də, valideyn də öz vəzifələrini gözəl bilir və buna əməl edirdilər. Sual oluna bilər ki, yaxın keçmiş dediyiniz dövrlərdə bu sahədə neqativ hallar baş vermirdimi? Cavab belə ola bilər ki, vardı, ancaq nadir hallarda analoji hallar baş verirdi. Belə hallar da tez bir zamanda aşkarlanır və müvafiq tədbirlər görülürdü. Əslində, uşaqların təhsili ilə məşğul olmaq, bu sahədə çalışmaq müqəddəs işdir. Lakin, təəssüflər olsun ki, son zamanlar uşaqlara qarşı edilən bəzi qorxunc, bağışlanılmaz hərəkətlər insanları bu haqda ciddi düşünməyə vadar edir.”

 

Şəhla Əliyeva onu da xüsusi vurğulayıb ki, ölkəmizdə bağçalarda nəzarət kameralarının quraşdırılması Rusiyadakı kimi qanuniləşdirilməlidir:

 

“Bir çox xarici ölkələrdə, o cümlədən, Kanada, İngiltərə, ABŞ-ın uşaq bağçalarının 80%-də kameralar mövcuddur. Tanış olduğum məlumatlara əsasən. deyə bilərəm ki, Kanadada bir il ərzində uşaq bağçasında kameraların aşkar etməsi nəticəsində 400 uşağa fiziki cəza verilməsi ortaya çıxıb və 380 tərbiyəçi həbs edilib.

 

Rusiyada təhsil haqqında qanuna görə, məktəbəqədər təhsil müəssisələri öz ərazilərində uşaqların təhlükəsizliyini təmin etməyə borcludurlar, buna görə də uşaq bağçalarında video nəzarət müəssisənin mövcudluğunun əsas şərtlərindən, eləcə də terror və cinayətə  qarşı mübarizə tədbirlərindən biridir. Uşaqların təhlükəsizliyi hər şeydən önəmlidir! Mühafizə olunan ərazidən alınan məlumatlar hadisə iştirakçılarının təqsirli və ya təqsirsizliyinin sübutu kimi sərbəst şəkildə istifadə edilə bilər.

 

Bu siyahını uzatmaq da olar. Lakin, qeyd etmək istəyirəm ki, mövzu bu gün çox aktualdır. Dövlət uşaq bağçalarında (özəllərdə mövcuddur) yuxarıda sadaladığım səbəblərdən video kameraların quraşdırılması günün tələbidir. Hətta, bunun qonşu Rusiyadakı kimi qanuniləşdirilməsi vacibdir”.

 

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib ki, bütün təyinatlı obyektlərdə nəzarət müşahidə kameralarının olması zəruridir:


"Ümumiyyətlə nəinki özəl və dövlət bağçalarında, bütün təyinatlı obyektlərdə nəzarət müşahidə kameralarının olması gündəlik iş prosesinə nəzarət etməyə, burada çalışan personalların məsuliyyətini artırmağa, kənardan təhdidi olan şəxslərin pis niyyətlərdən əl çəkməsinə, yaxud da hadisə baş verərsə, onun araşdırılmasının daha opreativ və doğru aparılmasına kömək edər”.

 

Ekspert E.Nurəliyev qeyd edib ki, nəzarət müşahidə kameralarının quraşdırılması lisenziyalı təşkilatlara həvalə edilməlidir:

 

“Əgər bu gün söhbət uşaq bağçalarından gedirsə, müəssisənin həm idarətmə rəhbərliyi, həm də valideynlər tərəfindən izlənilməsi ilə nəzarətçilərin də üstünə böyük məsuliyyət qoyulur. Təbii ki, özəl bağçalar bunu yenidən layihələndirmə zamanı nəzərə alırlar və nəzarət kameraları ilə müşahidə edirlər. Dövlət bağçalarında isə kameraları bu layihədə nəzərdə tutulmasa belə sonradan quraşdırmaq olur. Bunun üçün nəzarət müşahidə kameralarının quraşdırılması ilə məşğul olan lisenziyalı təşkilatlara müraciət etməklə prosesi reallaşdırmaq mümkündür. Yeri gəlmişkən, yaxşı olar ki, bütün uşaq bağçalarında nəzarət müşahidə kameraları ilə yanaşı, onlara nəzarət edən operatorlar da olsun, bir sistem qurulsun, sistem də ayrıca perimetr boyunca bütün otaqları, dəhlizləri, zirzəmini, həyətyanı sahəni ardıcıl olaraq müşahidə edilə biləcək şəkildə quraşdırılmalıdır”.