https://www.zirve.edu.az/
14.03.2018 10:39
Qəzada ağır yaralanan şagirdin atası: “Qızım danışmağa başlayıb”

“Qızım indi yaxşıdır, danışmağa başlayıb. Deyir ki, vəziyyəti normaldır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında martın 11-də avtomobil qəzası zamanı ağır xəsarət alan və əməliyyat olunan şagirdin atası Zaur Davudov məlumat verib.

 “Hazırda mən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındayam. Qızım nisbətən yaxşıdır. O biri əməliyyat olunan uşaq Bakıya köçürülüb. Çox şükür ki, nəzarət olunur. Həkimlərin səyi isə, bir müddət sonra biləcəyik ki, görək nə ediblər, uşaqlarımız necədir. Təkcə axşam yanına buraxırlar” -  deyə, valideyn əlavə edib.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.