Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-12 09:59:16
Alimlər üçün tikilən mənzillər pulla satılacaq

Martın 9-da Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək ilk yaşayış kompleksinin – “Alimlər şəhərciyi”ndə (Science City)  təməlqoyma mərasimi keçirilib.

İlk binanın inşasının 2 ilə başa çatdırılması planlaşdırılır. Şəhərcikdən ümumilikdə 1928 nəfər alimin mənzil alması planlaşdırılıb. Bu arada sosial şəbəkələrdə bəziləri elm adamlarına pulsuz mənzillərə sahib olacaqlarından dolayı gözaydınlığı verirlər.

Halbuki, əslində vəziyyət başqa cürdür.

Maraqlıdır, mənzillər ödənişli olacaq, yoxsa ödənişsiz?

 Azərbaycan Milli Elmlər Akademiyasından AzEDU.az-a verilən məlumata görə, alimlərə təqdim ediləcək mənzillər ödənişli olacaq:

“Lakin hazırkı bazar qiymətlərinə baxanda burada qiymətlər optimal qoyulub. 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində, ümumilikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. Bunlardan 50 mənzil birbaşa satış üçün nəzərdə tutulub”.

AMEA əməkdaşları üçün nəzərdə tutulan  mənzillər bir, iki və üç otaqlıdır:

 “Həmin mənzillərin 1 kvadrat metri üçün nəzərdə tutulan ödəniş  370 manatdır. Amma 3 il müddətində ödənişlə 1 kvadrat metrin qiyməti 470 manatdır.

Eyni zamanda, 3 il müddətində ödənişlə verilən mənzillər üçün ilkin ödəniş  2119 manat, aylıq ödəniş isə 794 manatdır”.

Qeyd edək ki, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən “Science City” yaşayış kompleksinin həyəti və ətrafında böyük parkların salınması, 1, 2 və 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.