Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib.
AzEdu.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında sentyabrın 25-də qərar qəbul edilib.
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Yeni nazir Ovni Muradov kimdir?
Ovni Mehbalı oğlu Muradov 5 avqust 1983-cü ildə Babək rayonunun Nehrəm kəndində anadan olub.
2004-cü ildə Naxçıvan Dövlət Universitetinin tarix ixtisasını bitirib. Rus dilini bilir. Ailəlidir, 2 övladı var.
O, əmək fəaliyyətinə 2002-ci ildə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbində müəllim kimi başlayıb. 2014-cü ildə həmin məktəbin direktoru vəzifəsinə təyin edilib.
2016–2018-ci illərdə Babək Rayon Təhsil Şöbəsinin müdiri, 2018-ci ildən isə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.
O, 2023-cü ilin sentyabrın 12-dən oktyabrın 16-nadək Naxçıvan MR təhsil nazirinin vəzifələrini müvəqqəti icra edib. 2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan O.Muradov sentyabrın 24-dək bu postda çalışıb.
Sentyabrın 25-də qəbul edilən qərarla Ovni Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunub.