https://www.zirve.edu.az/ #
2021-11-27 11:27:00
“Qarabağı birlikdə quraq!” müsabiqəsi davam edir

Təhsil Nazirliyi tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün “Qarabağı birlikdə quraq!” ölkədaxili müsabiqə keçirilir. Yerli müsabiqədə uğur qazanan şagirdlər ölkəni beynəlxalq müsabiqədə təmsil edəcəklər.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqənin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaq, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir.

 

Müsabiqə onlayn formatda “Minecraft” təhsil platforması üzərindən təşkil olunur. “Virtual məktəb” hesabı olan hər bir şagird müsabiqəyə qoşularaq “Minecraft” təhsil platformasının geniş imkanlarından faydalana bilər. Şərtlərə əsasən, şagirdlər ilk növbədə Qarabağın tarixi və mədəniyyətinə dair araşdırma apararaq, işğal zamanı dağıdılmış tarixin və mədəniyyətin bərpası ilə bağlı öz “Minecraft” dünyasını hazırlamalıdırlar. Daha sonra yaradılan dünyanın videoçəkilişini aparıb, müsabiqəyə təqdim etməlidirlər. Müsabiqəyə işlərin qəbulu noyabrın 30-dək aparılır.