Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 15:14:00
MDU-nun kollektivi şəhid məzunun xatirəsini anıb-FOTO  

Mingəçevir Dövlət Universitetinin (MDU) məzunu Kənan Abdullayevin şəhadətə yüksəlməsinin bir ili tamam olub. Bu münasibətlə MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllimi qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

 

Universitetdən AzEdu.az-a bildiriblər ki, şəhid məzunun tələbəlik illəri haqqında xatirələrini bölüşən müəllimləri Azərbaycan xalqına Kənan kimi igid, vətənpərvər və mərd oğul yetişdirən valideynlərə minnətdarlıqlarını bildiriblər.

 

Tariximizin şanlı səhifələrinin yazılmasında igidlik göstərən qəhrəman əsgər və zabitlərlə qürur duyduqlarını qeyd edən MDU kollektivinin üzvləri əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyiblər.

 

Bildirilib ki, Azərbaycan Ordusunun leytenantı, 29 yaşlı Kənan Abdullayev 2011-2015-ci illərdə MDU-da ali təhsil alıb. 2020-ci il oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına yüksələn universitetin qəhrəman məzunu dövlət başçımızın müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Qeyd edək ki, otuzillik yurd həsrətinə son qoyan 44 günlük tarixi Zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da şəhid məzunların adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb.