Aprelin 15-də Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov və Müsahibələrin təşkili sektorunun müdiri Xədicə Əzimova tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim təşkil edilib. Təlimdə Dövlət Turizm Agentliyinin əməkdaşları iştirak ediblər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, təlimdə iştirakçılara müsahibənin məqsədi, strukturu, keçirilmə qaydaları, xarakterik xüsusiyyətləri, müsahibəyə hazırlıq, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Habelə müsahibə komissiyasının reqlamenti, o cümlədən komissiyanın tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib. Bununla yanaşı, dövlət qulluğunda vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat olunub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.