Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-04 11:01:06
9-cu sinif şagirdləri də attestat alacaq

Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Ümumi orta məktəb təhsili altı yaşdan başlanır. Bu təhsil forması müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili, əsasən, ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.

Ümumi orta təhsil beşinci-doqquzuncu sinifləri əhatə edir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi - şəhadətnamə verilir. Hazırda bu imtahanlar iki mərhələdə həyata keçirilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

Şəhadətnamə alan şagirdlər tam orta təhsili kollec,ilk və orta peşə-ixtisas məktəblərində və ya ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə davam etdirmək üçün DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidir.

Təhsil eksperti Kamran Əsədov AzEDU-ya açıqlamasında bildirib ki, Azərbaycan orta məktəblərində 2008-ci ildən etibarən kurikulum standartlarına uyğun olaraq tədris aparılmağa başlanılıb. Ekspert qeyd edib ki, bu sistemdə təhsil alan şagirdlər ilk dəfə 2017-ci ildə buraxılış imtahanları veriblər:

Kamran Esedov.jpg

“Məlum olub ki, nəticə çox aşağı səviyyədədir. Kurikulum standartlarına uyğun, cavab verən şagird olmayıb. 2017-ci ildən etibarən  IX və XI sinifləri bitirənlərə verilən dövlət təhsil sənədinin də adı eyniləşdirildi. Belə ki, buna qədər IX sinfi bitirənlərə Şəhadətnamə, XI sinfi bitirənlərə isə attestat verilirdi. Amma bu ildən etibarən hər iki pillə üzrə bitirənlərə attestat adlı təhsil sənədi təqdim ediləcək”.

Ekspertin sözlərinə görə, IX sinifi müvəffəqiyyətlə başa vurub attestat alan şagirdlər bu sənədlə təhsillərini peşə təhsili müəssisələrində və IX illik bazadan orta ixtisas təhsili müəssisələrində - kolleclərdə davam etdirə bilərlər. Bu da onların əmək bazarına ixtisaslı kadr kimi daxil olmasına imkan verir:

“Lakin IX illik bazadan əldə edilmiş təhsil sənədi ilə birbaşa ali təhsil müəssisələrində təhsilini davam etdirmək mümkün deyil. Bunun üçün tam orta təhsil bazasını və ya orta ixtisas təhsili müəssisələrini bitirmək lazımdır. IX illik bazadan təhsilini başa vurduqdan sonra şagirdlər əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Bu, xidmət sahəsində olacaqdır. Dövlət orqanlarında çalışmaları mümkün deyil. Bu sahədə çalışmaq üçün ali təhsil almalıdırlar”.

K.Əsədov edib ki, ümumi orta təhsilini IX illik səviyyədə başa vurub attestat alan şəxslər xarici ölkələrdə də eynilə peşə təhsili və bu pillə üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər:

“Hazırda Azərbaycanda IX sinifi bitirib attestat alan 500 - dən çox gənc Türkiyədə müxtəlif kolleclərdə təhsil alırlar. Təhsil almaq vacibdir. Bu, karyerasını inkişaf etdirmək istəyənlər üçün əsas meyarların birincisidir. Əgər, kimsə peşə sahəsi ilə əlaqədar, özəl xidmət sahəsində fəaliyyət göstərirsə, onun üçün bu təhsil yetərlidir. Həmin şəxs yalnız peşəsinə aid olan yenilikləri izləməli, mənimsəməlidir”.

Onun fikrincə, Azərbaycanda orta məktəb təhsilinin, o qədər də, keyfiyyətli olmadığını nəzərə alsaq, orta ixtisas təhsili müəssisələrində aparılan kadr hazırlığı əmək bazarının standartlarına uyğun deyil:

“Ona görə, ali təhsil almaq əsas məqsədlərdən biri olmalıdır. Bu, ölkənin ictimai və mədəni həyatına da müsbət təsir göstərir”.

Əsmər QABİL