https://www.zirve.edu.az/
23.11.2020 11:24
  Distant dərslərdə iştirak etməyənlər cəzalandırılacaqlar? – Güzəştlər

Hazırda  təhsil  müəssisələrində pandemiya səbəbindən  distant  dərslər  davam  edir.

 

Ancaq  bəzi  tələbələr  müəyyən  problemlər  səbəbindən onlayn dərslərə  qoşula  bilmir.

 

Bu  tələbələrin  dərslərdən  geri  qalmaması  üçün  ali  təhsil  müəssisələrində  nə  kimi  tədbirlər  görülür?

 

AzEdu.az  universitetlərin  mətbuat  katiblərinin  bu   məsələ  ilə  bağlı  cavablarını  təqdim  edir:

 

Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  mətbuat xidmətinin rəhbəri Elnarə  Məmmədova:

 

“Dərslərdə  iştirak  edə  bilməyən  tələbələr  üçün  xüsusi    tədbir  gərülməyəcək. Çünki  artıq  tələbələrin  dərslərdə  iştirakı  ilə  bağlı  qaib   limiti  yoxdur. Əvvəllər  tələbələrin  dərslərdə  iştirakı  ilə  bağlı  həvəsləndirmək  məqsədi  ilə  bal  verilirdi  və  bu  prosedur  artıq  mövcud  deyil. Keçirilən  dərslərin  mühazirə  forması  fənn  müəlliminin  “Şəxsi  kabinet”inə  yerləşdirilir.  Tələbə  müəyyən  səbəbə  görə  o  saatda  olan  dərsdə  iştirak  edə  bilmirsə, daha  sonra  istədiyi  zaman  müəllimin  “Şəxsi  kabinet”inə  daxil  olaraq  buraxdığı  mövzunu  oxuya  bilər.  Burada  əsas  məqsəd  nəticə  olaraq  tələbənin  imtahan  prosesinə  rahat  şəkildə  hazırlaşması və  müsbət nəticə əldə etməsidir. Onlara  lazım  olan bütün  materiallar  müəllimin  elektron  şəxsi  kabinetində  yerləşdirilir. 

 

 

UNEC-də “Virtual  dekanlıq”  adlı  portal  yaradılıb. Tələbələrin  hər  hansı  mövzu  ilə  bağlı  sualları  olduqda,  yaxud,  müəyyən  problemlə  bağlı  buraya  müraciət  edə  bilərlər. Eyni  zamanda  dərslə  bağlı  sualları  olacağı  təqdirdə  müəllimlərlə  bu  portal  vasitəsi  ilə  rahat  şəkildə  əlaqə  saxlaya  bilirlər. Bunun  üçün  dərsdən  əlavə  saatlar  təyin  edilir  və  tələbə  onu  maraqlandıran  sualı  müəllimə  ünvanlayaraq  lazım  olan  məlumatı  öyrənir.”

 

Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universitetinin  İctimaiyyətlə  Əlaqələr və  Marketinq  Departamentinin  direktoru  Bəhruz  Nəzərov:

 

“Təhsil  Nazirliyinin  “Microsoft  Teams”  platforması  ilə  olan  razılaşmasına əsasən, dərslər bu  platforma  üzərindən  davam  etdirilir. Microsoft  Teams-ın açıqladığı və  bizə  təqdim  edilən  rəqəmə  əsasən, universitetimizin  tələbələrinin  98%-i   onlayn  dərslərdə  iştirak  edir. Qoşulan  tələbələr  rabitə  ilə  bağlı  hər  hansı  texniki  problem  yaşamırlar.

 

Ümumilikdə, “Micrasoft  Teams”  proqramının  üstünlüklərindən  biri  odur  ki, keçirilən  dərslər  video  formatda  arxivləşdirilir. Nəticədə  tələbə  istədiyi  vaxt  proqrama  qoşularaq  qaçırdığı  dərsi  izləyə  bilər. Ancaq  yerdə  qalan  dərsə  qoşulmayan  tələbələrin  isə  siyahıları  dekanlıq  tərəfindən  hazırlanır. Bu həftə  sonu  siyahı  universitet  rəhbərliyinə  təqdim  ediləcək  və  bu  tələbələr universitet  tərəfindən  internetlə  təmin  olunacaq”.

 

Şöbə  müdürü  elektron  universitet  sistemindən  danışıb:

 

“ Bizdə  bir neçə ildir ki, “Elektron  universitet”  sistemi  fəaliyyət  göstərir. Hər  tədris  semestri  başlamazdan  10-15  gün  əvvəl  bütün  mövzular, mühazirələr, imtahan  sualları,  təqdimatlar  hamısı həmin sistemə  yerləşdirilir.

Tələbənin bu materialları  mənimsəməsi onların imtahanda uğur qazanması üçün kifayət edir.  Yəni,  dərslərə  qoşula  bilməsə də  belə  bu materialları  öyrənmək  kifayət  edir  ki, o  imtahana rahatlıqla hazırlaşa  bilsin. Amma tələbələrimizin  əksəriyyəti  dərslərdə  iştirak  edir. Qoşula  bilməyən  çox  az  qisim  tələbə  isə  istədiyi  vaxt  proqrama  daxil  olub  video  formatda  dərsləri  dinləyə  bilər”.

  

Azərbaycan  Texniki  Universitetinin  mətbuat xidmətinin rəhbəri Sevinc  İsgəndərova:

 

“Təhsil  Nazirliyi  tərəfindən  bölgələrdə  mərkəzlər  yaradılıb. Bu mərkəzlər internetlə  təmin  edilib. İnternet  problemi  səbəbindən  onlayn  dərslərə  evdən qoşula  bilməyən  tələbələr  bu  mərkəzlərlə  bağlı  məlumatlandırılıblar. Onlar həmin  mərkəzlərdə  qeydiyyatdan  keçib  oradan  onlayn  dərslərə  qoşula bilərlər. Əgər  hansısa  tələbə  mərkəzlərə  getməkdə  çətinlik  çəkirsə, yol uzaqdırsa  və  s. Bu  zaman  dekanlıqlar  həmin  tələbələrə  lazımi  tədris materialları  göndərirlər  ki, onlar  dərslərdən  geri  qalmasınlar.

 

Bir  sözlə mövcud  vəziyyət  nəzərə  alınaraq  tələbələrə  maksimum  şərait  yaradılır”.

 

Lənkəran  Dövlət  Univerersitetinin  İctimaiyyətlə  Əlaqələr  Şöbəsinin  müdürü  Esmira  İsmayılova:

 

“Ümumi  olaraq  tələbələr  arasında  onlayn  dərslərə  qoşulma  ilə  bağlı  böyük  problem  yoxdur. Yalnız  cəbhə  bölgəsindən  olan  tələbələrimizin  qoşulma  ilə  bağlı  müəyyən  texniki  problemləri  olur. Bu  tələbələr  universitet  tərəfindən  nəzərə  alınır  və  onlar  üçün  mümkün  olan  hər  cür  şərait  yaradılır.

 

Ötən  il  Təhsil  Nazirliyi  onlayn  dərslərə  qoşula  bilməyən  tələbələrlə  bağlı  sərəncam  imzaladı. Bu  il  biz  həmin  sərəncəmı  gözləyirik. Nazirlik  bu  məsələ  ilə  bağlı  hansı  istiqamətdə  göstəriş  versə, biz də  ona  uyğun  hərəkət  edəcəyik.

 

Tələbənin  şəxsi  kabinetinə  lazımı  vəsait  göndərilir

 

Məlumat  üçün  qeyd  edim  ki, bizdə  birinci  kursdan  dördüncü  kursa  qədər  hər  bir  tələbənin  şəxsi  kabineti  var. Tədris  semetri  başlananda  bütün  mühazirələr, sillabuslar, kollekvium  sualları  bura  yüklənir. Beləliklə  tələbələrin  imtahanlara  rahatlıqla  hazırlaşması  üçün  heç  bir  problem  yaranmır."

 

Bakı  Mühəndislik  Universitetinin  İctimaiyyətlə  Əlaqələr  şöbəsinin müdiri  Elman  Babayev:

 

“Bakı  Mühəndislik  Universitetində  tədrisin  təşkili  ilə  bağlı qərarlar verilərkən  mövcud  qanunvericilik  əsas  götürülür. Digər  tərəfdən, mövcud vəziyyətlə  əlaqədar  olaraq  bütün  mümkün  güzəştlər  edilib  və ediləcək. Bu  günlərdə  verilmiş  qərara  əsasən, 3  semestr  daxili  imtahandan (SDF)  2- si ləğv  olunub. Yəni  BMU  tələbələri  həmişəkindən  fərqli  olaraq 1 SDF imtahanı  verəcək.

 

Mingəçevir  Dövlət  Universitetinin  İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  əməkdaşı Qurban  Qurbanzadə:

 

“Müharibə  başa  çatsa  da  cəbhəyanı rayonlarda  hələ  də  internetdə  məhdudiyyətlər  var. Bu  səbəbdən  o bölgələrdən  olan  tələbələrimizin  bir  qismi  dərslərə  qoşulmaqda  çətinlik çəkirlər. Belə tələbələr  universitet  tərəfindən  diqqət  mərkəzində  saxlanılır.

 

Digər  bölgələrdən olan tələbələrimizin internetə çıxışlarında hər hansı bir məhdudiyyət  olmadığı  üçün  dərslərə  girmələri  arzuolunandır. Lakin, tələbələr  üçün  semester  sonunda  əgər  istərlərsə (müəyyən sayda tələbə üçün nəzərdə tutulub)  2  həftəlik  ənənəvi  dərslərə  qatılma  şansı  veriləcək  və imtahanlara  daha  sonra  buraxılacaqlar.”

 

Bakı Avrasiya  Universitetinin  İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  müdiri  Şəfayət  Avılbəyli:

 

“Noyabrın  2- dən  etibarən  onlayn  dərslər  davam  edir. Müharibə  dövründə  yaranmış  bir  müddətlik  problemə  görə, dərslərə  fasilə  verilmişdi. Ancaq  hazırda  heç  bir  problem  yoxdur, tələbələrimiz  dərslərə   rahat qoşula  bilirlər.  Daimi  olaraq  müəllimlərlə  əlaqədədirlər.

 

Ümumilikdə  tələbələrimizin  80 % - i  onlayn  dərslərdə  aktiv  iştirak  edir.  Ancaq  bəzi  tələbələr  müəyyən  texniki  problemlərə  görə  dərslərdə  iştirak  edə  bilmirlər. Məsələn, tələbə  bir  gün  dərsdə  iştirk  edə  bilir, növbəti  gün  yox. Tələbələr  arasında  bu  haldan  sui-istifadə  edənlər  də  var.

 

Bütün  fakültə  və  ixtisaslar  üzrə  whatsapp  qrupları  yaradılıb. Tələbələr  müəllim  və  dekanlarla  daimi  əlaqədə  olur, yaranmış  müxtəlif  problemləri, onları  maraqlandıran  sualları   birbaşa  ünvanlaya  bilirlər. Məsələn, tələbələrin  teamsa  daxil  olmaq  üçün  şifrələrini  unutmaları  ilə bağlı və s.  kimi  yaranan  texniki  problemlər  dərhal  aradan  qaldırılır. Yaranmış  texniki  problemlərin  aradan  qaldırılması  ilə  bağlı  tələbələrə  lazımı  kömək  göstərilir.

 

Dərsə  davamiyyətlə  bağlı  xüsusi  komissiya  yaradılıb. Bu  komissiya  tələbələrin  hansı  səbəbdən  dərsə  qoşula  bilməməsini  araşdırır. Ümumilikdə   hazırda  dərslərdə  iştirak  edə  bilməyən  tələbələrin  imtahanda  iştirakı, onlarla  bağlı  xüsusi  qrafik  haqqında  xüsusi  məlumat  yoxdur”.

 

Qeyd  edək  ki, təhsil  müəssisələrində  onlayn  dərslər  noyabrın 2-dən  etibarən davam edir.

 

 

 

 

 

 

 

Ayşən Mustafayeva
Müəllifin digər yazıları