Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 12:34:00
Məsafə onlara mane olmur

Müəllimlər şagirdlərlə birgə istənilən formatda dərsi qura və yüksək nəticə əldə edə bilirlər

“Xəstəlik var ki?”, - deyib dünyada tüğyan edən pandemiya səbəbi COVID-19-a şübhə ilə baxan bəzi böyüklərin əksinə olaraq, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin şagirdlərinın məktəb çantasından kitab, rəngli qələm və dəftərlə yanaşı, dezinfeksiyaedici məhlullar da çıxır. Hər kəsin nəm salfeti var. Bunu “Azərbaycan müəllimi” qəzetinə məktəbin IX sinif şagirdi Emil Nağızadə deyir: “Sadəcə əlimizi təmiz saxlamırıq, həm də bir-birimizlə aramızdakı məsafəni də qoruyuruq. Məcburən bir-birimizdən uzaq durmalıyıq. Baxmayaraq ki, indiyə qədər məktəbdə müəllimlərimiz bizə yoldaşlarımızla birgə işləməyi, əlimizdə olanları onlarla paylaşmağı öyrədib. Amma düşünürük ki, məsafələr müvəqqətidir və biz virusa qalib gələndən sonra həmin məsafə aradan qalxacaq. Bilirsiniz, məncə, məsafələr bizim dostlarımızı, yoldaşlarımızı sevməyimizə mane ola bilməz”.

 

Emilin həmyaşıdı, IX sinif şagirdi Sevil Əliyeva da COVID-19 adlı virus barədə məlumatlıdır: “Bilirik ki, hava-damcı yoluyla yayılır. Sürətlə yayılan bu virusdan özümüzü qorumağın ən yaxşı yolu isə kütləvi yerlərə getməmək, insanlarla aramıza məsafə qoymaq, əlimizin təmizliyinə diqqət etməkdir”.

 

Məktəbdə daim maskada olan məktəbli bunu belə izah edir: “Baxmayaraq ki, maskadan istifadə  bizim üçün məcburi deyil, yenə də taxırıq. Çünki bizə elə ağırlığı olmayan maskalar koronavirusdan müdafiəmizi daha da gücləndirər”.

Bir qapıdan böyüklər, digər qapıdan azyaşlı şagirdlər

 

286 nömrəli tam orta məktəbdə 3000-ə yaxın şagird növbəli şəkildə təhsil alır. Məktəb 300-ə qədər uşağın birinci sinifdə, 200 nəfərə qədər azyaşlının məktəbəqədər hazırlıq qrupunda təhsilini təşkil edib. Məktəb direktoru Samir Mehdi-zadənin sözlərinə görə, şagirdlərinin təhlükəsizliyi, sağlamlığı və keyfiyyətli təhsil alması üçün əllərindən gələni ediblər: “Məktəbin 2 girişi var. Binanın quruluşu birinin giriş, digərinin çıxış kimi istifadə edilməsinə imkan vermir. Ancaq “A” və “B” qapısı kimi fərqləndirdiyimiz bu girişləri yuxarı və aşağı sinif şagirdlərimiz üçün ayırmışıq. İbtidai sinifdə və məktəbəhazırlıqda təhsil alan şagirdlərimiz “B” qapısından istifadə edirlər. Elə ki, şagirdlər məktəb binasına yaxınlaşdı, məktəblinin dostları da onlara yaxınlaşır. Hər kəsin bədən hərarəti ölçülür, əlləri spirtlənir”.

 

Fiziki məsafəni artırıb, mənəvi məsafəni qısaldırlar

Ümumiyyətlə, qapıdan içəri girən hər kəs eyni prosedurla qarşılaşır: əllər spirtlənir, temperatur ölçülür, ağız və burnu bağlayan maska tələb edilir. Məktəblilər üçün məcburi olmayan maska və üz sipəri müəllimlər üçün mütləqdir. Buna nəzarət edə bilmək üçün isə məktəblinin dostlarının qüvvəsindən istifadə edilir.  “Məktəblinin dostu” layihəsi sözügedən məktəbdə 2 əməkdaş və iki könüllü ilə təmsil olunur. Məktəblinin dostu Əsmər Mustafazadənin sözlərinə görə, burada 4 nəfər dəyişən qrafiklə fəaliyyətdədir: “Hər gün 7.30-dan məktəbdəyik. Biz burada bədən hərarətinin ölçülməsində, uşaqların bir-biri ilə aralarında məsafə saxlamasına nəzarət edilməsində məktəb kollektivinə kömək edirik. Sadəcə şagirdlərin də deyil, uşağının arxasınca gələn və məktəb həyətinə yığışan valideynlərin də öz aralarında məsafə saxlamalarına nəzarət etməyə çalışırıq. Mütəmadi olaraq onlara ölkədə davam edən pandemiyanı xatırladır, aralarındakı məsafəni qorumağa çağırırıq. Dərs vaxtı uşaqların təhlükəsizliyinin təmin edilməsinə mütəmadi nəzarət edir, onlarla yaxın münasibətlər qurur, dostlaşmağa çalışırıq ki, hər hansı problemləri olarsa, bizimlə bölüşsünlər”.

 

Pandemiya məktəbində dərs

 

Giriş-çıxış eyni olsa da, şagirdlərin tam təhlükəsiz şəraitdə sinfə daxil olması və keyfiyyətli təhsil alması üçün burada fəaliyyətdə olan “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə birgə məktəbin bütün pedaqoji kollektivi əlindən gələni edir. 45 dəqiqə sürən hər dərsdən sonra şagirdlər 10 dəqiqə tənəffüs edir. Ancaq tənəffüsdə otaqlarını tərk etmirlər. İki növbəli şəkildə təşkil edilən dərslər bitən kimi siniflər havalandırılır, təmizlənir və dezinfeksiya edilir. Bu prosedura həm birinci növbənin dərsi bitəndə, həm də gün bitəndə həyata keçirilir. İkinci növbənin dərsləri 1 saatlıq fasilədən sonra başlayır.

Məktəbin coğrafiya müəllimi Şəhla Hümmətovanın dərsidir. Dərs zamanı pandemiyanın bütün qayda-qanunlarına riayət olunur. Dərsdə uşaqların arasındakı məsafə qorunur: “Mən bir müəllim olaraq bu məsafəni saxlayıram. Xəritəyə şagird yaxınlaşarkən mən ordan uzaqlaşıram. Şagirdlərin bir-biri ilə olduğu qədər özümün də onlarla məsafəmizi  qoruyuram. Pandemiya başlayanda həyatımızın tamamilə dəyişəcəyi deyilirdi. Həqiqətən də hər şey dəyişdi. Uşaqlar elə alışıblar ki, nəm salfetlər, spirt onların dərs ləvazimatlarından birinə çevrilib. Mən həyat bilgisi fənnindən də dərs keçirəm. Gigiyena qaydalarını istər bu fənn üzrə tədris proqramı çərçivəsində, istərsə də COVID-19-dan özlərini qorunmaları üçün maarifləndirmək məqsədi ilə onlara xatırladıram. Onlarla mütəmadi söhbətlər aparır, yeni qayda və tələbləri təlqin edirəm. Nəticəsi də var. Şagirdlərimiz şəxsi gigiyenasına çox diqqət edirlər”.

 “Nə aramızdakı  məsafə bizə mane olur, nə də üzümüzdəki maska”

30 ilin müəllimi Naibə Ələkbərova hesab edir ki, asan olmasa da, artıq pandemiyanın şərtləri ilə barışıb, tələblərini gündəlik həyat tərzinə çevirə biliblər: “Ən böyük çətinliyimiz onlayn dərslərə keçidlə bağlı oldu. Bilirsiniz ki, ənənəvi dərs modelini vazkeçilməz edən müəllimin şagirdi müşahidə edə bilməsi, keçilən mövzunu mənimsəyib-mənimsəmədiyini gözlərindən, davranışından anlamasıdır. Teledərs və  onlayn dərslər zamanı göz təmasımız zəiflədiyindən onları anlamaqda, dərsi mənimsədiklərini müəyyənləşdirməkdə bir az çətinlik çəkdik. Ancaq bu qısa müddət davam etdi və artıq şagirdlərimiz də, biz də istənilən formatda dərs qura və yaxşı nəticə əldə edə bilirik. Artıq bütün çətinliklərimiz arxada qalıb. Nə aramızdakı  məsafə  bizə mane olur, nə də ağız-burnumuzdakı maska”.

 Dəftər, kitab, qələm, qələm qabı, su və...

Hələ I sinif şagirdi Harun Novruzlunun məktəb çantasını boşaldırıq. Nə çıxsa yaxşıdır balaca məktəblinin çantasından? Dəftər, kitab, qələm, su və əlbəttə ki, dezinfeksiyaedici məhlul. Dediyinə görə, tez-tez əllərini yuyur, ya da spirtləyir, sinif yoldaşlarına çox yaxınlaşmır: “Çox yaxına gedəndə virus olur”.(Azərbaycan müəllimi)